media-17929135531359295_1200x630

Oktyabrın 22-də Belçikanın paytaxtı Brüsselin məşhur turizm mərkəzlərindən olan tarixi “Place de l’Albertine” meydanında “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə azərbaycanlı itkin ailələrinin növbəti dinc aksiyası keçirilib.

ERAmedia xəbər verir ki, bu, oktyabrın 20-də Avropa Parlamentinin qarşısında – “Place du Luxembourg” meydanında, oktyabrın 21-də Avropa İttifaqının əsas təsisatlarının yerləşdiyi mərkəzi “Schuman” meydanında keçirilmiş aksiyaların davamı olub.

Aksiya çərçivəsində Azərbaycanın itkin düşmüş şəxslərinin fotoşəkilləri, geyimləri və zərflərindən ibarət xüsusi instalyasiya nümayiş etdirilib. Zərflərdə itkinlərin dilindən yazılmış “Mən sadəcə bir rəqəm deyiləm. Mənim adım var, ailəm var”, “Mən hələ də kiminsə övladıyam. Ailəm nə vaxta qədər gözləməlidir?” kimi təsirli mesajlar yer alıb. Bu məktublar vasitəsilə 30 ildən artıqdır səsi eşidilməyən itkin azərbaycanlılar sanki özləri sükutu pozaraq, dünyaya xitab ediblər.

İnstalyasiya ilə tanış olan ziyarətçilər itkin ailələrinə dəstək mesajları yazıb, xatirə lentləri bağlayıb və güllər qoyaraq həmrəylik nümayiş etdiriblər.

Ziyarətçilərə Ermənistanın Azərbaycan ərazilərini işğalı zamanı 4010 nəfər azərbaycanlının itkin düşdüyü, onların arasında 71 nəfər uşaq, 288 nəfər qadın və 319 nəfər ahıl şəxsin olduğu bildirilib.

“Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri, itkin-şəhid Abbas Behbudovun bacısı Könül Behbudova Ermənistanın azərbaycanlı itkinlərlə bağlı susqunluğunu qəbuledilməz hesab edib, itkinlərin aqibəti barədə məlumatların Azərbaycan tərəfinə təqdim olunmasını tələb edib.

İtkin düşmüş şəxslər sırasında olan Azad Cabbarovun həyat yoldaşı Fəridə Cabbarova, Səxavət Canıyevin həyat yoldaşı Reyhan Canıyeva, Əhməd Məmmədovun qızı Sevinc Hacıyeva, Şahin Əliyevin anası Mahuru Şahin, Əbülfət Əliyevin həyat yoldaşı Nazanı Əliyeva və Oqtay Məmmədovun həyat yoldaşı Pərvanə Məmmədova da doğmalarının yoxluğunun ailələrində yaratdığı boşluğu və illərdir davam edən qeyri-müəyyənliyi, iztirabı ziyarətçilərlə bölüşüblər.

İtkin ailələrinin beynəlxalq ictimaiyyətə əsas çağırışı dəyişməz qalıb: “Biz sadəcə yaxınlarımızı xatırlamaq deyil, onların taleyi barədə həqiqəti bilmək istəyirik. Heç bir ailə sonsuza qədər gözləməməlidir!”.

Azərbaycanlı itkin ailələri 2026-cı il oktyabrın 21-də Brüsseldə Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətində (EEAS) Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsinin siyasi məsələlər üzrə müşaviri Okke Bouwman və Azərbaycanla əlaqələr üzrə koordinatoru Marco Cardinali ilə keçirdikləri görüşdə də bəyan etdikləri kimi, doğmalarının taleyinə aydınlıq gətirilənədək beynəlxalq səviyyədə aksiyalarını davam etdirəcəklərini bildiriblər.

“Qarabağ İtkin Ailələri” İctimai Birliyi Azərbaycanın QHT Agentliyinin 2026-cı il üzrə qrant müsabiqəsində “Yoxluğun sədası” layihəsi üzrə qalibdir.


media-adspc

Bənzər xəbərlər