media-hicran
Hicran HÜSEYNOVA,
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri,  siyasi elmlər üzrə doktoru, professor 
27 il… Bu rəqəmi deyəndə insan öz səsinin titrədiyini hiss edir. 1993-cü ildə doğma yurdundan çıxan Qubadlılı üçün bu, ömrün yarısı, bir nəslin həsrəti deməkdir. 2021-ci il oktyabrın 25-də Qubadlıya ayaq basanda məhz bu həsrətin ağırlığını çiyinlərimdən endirdiyimi hiss etdim. Nəhayət, ata-baba torpağındaydım. Qürur və fəxarət hissi keçirirdim, həyəcanlı idim, sevinirdim. Amma eyni anda kədərlənirdim: nə qədər insan Qubadlı, Qarabağ həsrəti ilə bu dünyadan köçüb. İndi onların ruhu şaddır.
Qubadlının faciəsi 1993-cü ilin avqustunda deyil, 1988-ci ildə başladı. Ermənistanla 120, Dağlıq Qarabağla 45 kilometrlik sərhəddə yerləşən rayon hər iki tərəfdən hücuma məruz qaldı, dinc əhaliyə qarşı terror sistemli xarakter aldı. 1993-cü il avqustun 31-də Qubadlı tamamilə işğal olundu. Sonrası ağır bir siyahıdır. 29 997 nəfər məcburi köçkün düşdü. 94 yaşayış məntəqəsi, 7 278 fərdi ev, 148 sosial obyekt, 161 mədəniyyət obyekti, 7 məscid və 16 körpü dağıdıldı. Yüzlərlə kilometr yol, minlərlə kilometr elektrik xətti, magistral su və qaz kəmərləri, yarımstansiyalar sıradan çıxdı. Yalnız evlər yox, bir diyarın bütün həyat sistemi sökülüb aparıldı. Boşaldılmış torpağa xaricdən ermənilər gətirilib yerləşdirildi, Xanlıqda onlar üçün qəsəbə salındı. Cenevrə konvensiyalarına görə bu, cinayətdir. Halbuki bu, adi torpaq deyildi. Palıd, vələs, alma, armud, fındıq, əzgil və zoğal meşələri, dağ çayları, şəlalələr, bulaqlar, xınalı kəkliklər, qırqovullar, turaclar Qubadlının təbiətinin zənginliyi idi. Əhali heyvandarlıq, tütünçülük və taxılçılıqla dolanırdı. Rayonda hələ istifadə olunmamış böyük əqiq yatağı, mərmər və digər faydalı qazıntılar var. Çox təəssüf ki, Qubadlı meşələri ermənilər tərəfindən qırılaraq Ermənistana və ya xarici ölkələrə daşındı. Burada qalalar, türbələr, mağaralar, məscidlər kimi qədim tarixi abidələr var idi və bunların hamısı erməni vandalizminin qurbanı oldu. Qubadlı yalnız təbiəti ilə deyil, insanları ilə də zəngin idi. Pedaqoq, filoloq və tarixçi Bəhlul Behcət, geologiya-mineralogiya elmləri doktoru, professor, SSRİ Elmlər Akademiyasının ilk azərbaycanlı müxbir üzvü Əli Əmiraslanov, yazıçı Süleyman Rəhimov, Milli Qəhrəmanlarımız Əliyar Əliyev və Şükür Həmidov, general-mayor Mais Bərxudarov bu torpağın yetirmələridir. Adlarını qeyd etmədiyim neçə-neçə alim, ziyalı və hərbçi də onların sırasındadır.
Qubadlının azad olunması 44 günlük müharibədən çox əvvəl hazırlanırdı. Əgər Ümummilli Lider Heydər Əliyev Azərbaycanın siyasi, iqtisadi və hüquqi mövcudluğunu təmin etdisə, ölkəni bataqlıqdan çıxardısa, Prezident İlham Əliyev Azərbaycanı qüdrətli dövlətə çevirdi. İqtisadi imkanların artırılması, beynəlxalq hüquqi bazanın yaradılması, ordunun gücləndirilməsi: bunlar illər boyu ölkə başçısının fəaliyyətinin əsasını təşkil edirdi. Azərbaycan hər gün bu müqəddəs mübarizəyə yaxınlaşırdı. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə birlikdə Prezident İlham Əliyev ölkəmizin nüfuzunu qaldırdı, dünyaya inkişafa, sülhə, mədəniyyətə və insanlığa açıq bir Azərbaycan təqdim etdi. İyirmi ildən çox davam edən balanslı siyasət bütün sahələrdə nəticəsini verdi. Bu gün Azərbaycanın sözü beynəlxalq arenada qəbul olunur. Müharibə dövründə Möhtərəm Prezidentin xalqa müraciətləri, mediaya müsahibələri müasir tariximizdə özünəməxsus yer tutur. Biz onun iradəsini, qətiyyətini duyurduq. Çünki Prezident İlham Əliyev bir insan üçün deyil, bütün xalq və dövlət üçün məsuliyyət daşıyırdı. Bu, şərəfli və çətin məsuliyyət idi. O, xalqı inandıra bildi, müraciəti ilə səfərbər etdi, birliyimizi gücləndirdi. Buna hər dövlət başçısı nail ola bilmir. Mehriban xanım hər dəfə xalqa “Sizin Mehriban” deyə müraciət edirdi. Bu, bir ananın, bir bacının çağırışı idi. İnsanlar bu doğmalığa o qədər sevinirdilər ki, Qələbə üçün heç nəyi əsirgəmirdilər. Azərbaycan qadınları da həm pandemiya, həm müharibə dövründə fəallıq göstərdilər: həkim kimi, tibb işçisi kimi, sahibkar kimi. Qadınlar arasında vəzifəsini yerinə yetirərkən itirdiyimiz bir şəhidimiz var, Arəstə Baxışova. Bu gün Qarabağın yenidən qurulmasında qadınlarımızın potensialından səmərəli istifadə etmək olar.
Düşmən Qubadlıda güclü istehkamlar qurmuşdu, şəhərə hakim yüksəkliklərdən hərbçilərimizi müntəzəm atəşə tuturdu. Ona görə də əvvəlcə yüksəkliklər götürülməli idi. Ordumuz şəhərə hakim zirvələri, Xanlıq, Padar və Sarıyataq kəndlərini aldı, strateji mövqeləri ələ keçirdi və yalnız bundan sonra, oktyabrın 25-də şəhəri düşməndən təmizlədi. Noyabrın 9-dək rayonun 41 kəndi də azad olundu. Qubadlı alınandan sonra Laçın istiqamətində yol açıldı və bir neçə gündən sonra Laçının cənubundakı kəndlər də azad edildi. Bu qələbə böyük itkilər bahasına qazanıldı. Qubadlının Milli Qəhrəmanı Şükür Həmidov doğma diyar uğrunda vuruşaraq şəhadət zirvəsinə ucalıb. 15 209 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib. Şəhidlərimizin ruhu qarşısında baş əyir, onların valideynlərinə səbir diləyirik. Qazilərimizə Allahdan şəfa diləyirik.
Qələbədən sonra Prezidentin Qubadlıya dörd səfəri bu torpağın yenidən doğuşunun mərhələləri oldu. 2020-ci il dekabrın 23-ü. Prezident və birinci xanım Xanlıqda hərbçilərlə görüşdülər, Qubadlıda Azərbaycan bayrağını ucaltdılar. Bu, dövlətin azad olunmuş torpağa ilk gəlişi idi. Prezident həmin səfərdə erməni terrorunun izlərini bütün dünyaya göstərdi. 2021-ci il oktyabrın 25-i. Bu, azadlığın birinci ildönümü idi və Prezident qubadlıları doğma yurda qonaq çağırmışdı. Xanlıq–Qubadlı yolunun təməli qoyuldu, “Qubadlı” yarımstansiyası və sərhədçilərin hərbi hissə kompleksi açıldı. Həmin gün iştirak etdiyim görüş çox gözəl və tarixi görüş oldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hər birimizlə söhbət edir, fikirlərimizi dinləyir, təkliflərimizi müzakirə edirdilər. Belə bir ünsiyyət insanı daha da ruhlandırır, qurub-yaratmaq istəyini gücləndirir. Cənab Prezident bu günü Qubadlı tarixində əlamətdar və tarixi gün adlandırdı və rayonun bütün kəndlərini, o cümlədən şəhəri yenidən quracağımıza söz verdi. Bu vədin yerinə yetirildiyini bu gün öz gözlərimlə görürəm. “Qubadlı” yarımstansiyası işğaldan əvvəl 12 meqavat olan tələbatı ödəməklə yanaşı, 76 kilometrlik ikidövrəli xətlə ümumi enerji sisteminə qoşulub. Xəttin yanında çəkilən fiberoptik kabel isə rayona sürətli internet gətirib. 2022-ci il oktyabrın 19-u. Prezident “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış oldu, Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoydu, şəhərin Baş planına baxdı. 2023-cü il mayın 4-ü. Bu, bünövrə günü oldu. Şəhərdə ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagirdlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli qoyuldu. Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İşğal və Zəfər muzeylərinin təməlqoyma mərasimində də iştirak etdilər.
Mehriban xanım Əliyevanın bu səfərlərdəki iştirakı ayrıca qeyd olunmalıdır. Onun mədəni, tarixi və dini irsimizin bərpasında göstərdiyi yorulmaz əməyə görə bütün qubadlılılar adından minnətdarlığımı bildirirəm.
Mən də bu torpağın yetirməsiyəm. Atam Kamran Hüseynov dövrünün tanınmış ictimai-siyasi xadimi olmaqla yanaşı, şeirə, sənətə böyük önəm verirdi. Qubadlıya, onun bərəkətli torpağına, saf suyuna, təravətli çiçəklərinə o qədər vurğun idi ki, şeirlər yazır, fəlsəfi düşüncələrini qələmə alırdı. Həyatında ilk və son şeirini məhz Qubadlının Hərtiz dağına həsr etmişdi. Vətən həsrətinə dözməyən Kamran müəllim yazırdı:
Səndən ayrıldığım xeyli müddətdir, Vətən ayrılığı nə böyük dərddir.
Bir an belə ruhdan düşmürdü, inanırdı ki, Vətəninə qovuşacaq. Elə bu niyyətlə “Zəngəzur” Cəmiyyətini yaratdı, gənclərimiz tariximizi unutmasınlar deyə böyük təbliğat işləri apardı. İnanıram ki, onun ruhu indi şaddır.
Azad olunmuş şəhər və kəndlərimiz yeni, müasir tipli, eyni zamanda tarixi görkəmini saxlamaqla qurulur. “Yaşıl iqtisadiyyat” və “yaşıl enerji” bütün azad olunmuş ərazilər üçün prioritetdir, “Ağıllı şəhər” və “Ağıllı kənd” texnologiyaları tətbiq olunur. Azərbaycan müasirliklə tarixiliyi uzlaşdırır və bu, texnoloji tərəqqiyə ehtiyacı olan digər bölgələr üçün də yaxşı nümunədir. 2025-ci il sentyabrın 9-da Nazirlər Kabineti “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etdi. Plana görə, o vaxta qədər Qubadlıda 47 mindən çox insan yaşayacaq. Plan artıq reallığa çevrilir: şəhərdə ilk yaşayış məhəlləsinin tikintisi iyunun 16-da başlayıb, 3,34 hektarlıq ərazidə 21 bina və 176 mənzil ucalır, bünövrə işləri tamamlanıb. Mahruzlunun layihə sahəsi 197 hektardır, birinci mərhələdə 190 ev tikilir və 836 nəfər məskunlaşacaq. Həkəri və Bərgüşad çaylarının qovuşduğu Zilanlıda ilk mərhələdə 159 ev və 772 sakin, gələcəkdə 630 ailə yaşayacaq. 28,5 kilometrlik Qubadlı–Eyvazlı yolu yeddi kəndi bir-birinə bağlayır.
Düşmən evləri dağıda, bağları qurudub, məscidləri sökə bildi, ancaq doğma yurdla övlad arasındakı bağı qıra bilmədi. Ulu Öndər Heydər Əliyevin qoyduğu dövlətçilik əsası, Möhtərəm prezidentimiz İlham Əliyevin qətiyyəti, ordumuzun şücaəti, şəhidlərimizin qanı və xalqın birliyi bir araya gələndə tarix dəyişdi. Çox tezliklə bu ərazilərdə həyat tam canlanacaq, insanlar öz doğma evlərinə qayıdacaq, yaşayıb-yaradacaqlar.
Xalqımız mərd, igid, cəsur, zəhmətkeş, yaradan xalqdır. Biz bütün çətinliklərin öhdəsindən birlikdə gəlmişik. Bundan sonra da Prezident İlham Əliyevin ətrafında sıx birləşərək yeni uğurlara imza atacağıq.
Şəhidlərimizin əziz xatirəsinə ehtiramımı bildirirəm. Qazilərimizə şəfa, güc və səbir diləyirəm.
Qubadlıya öz sahibləri qayıdıb. Qubadlı bizimdir, Qarabağ Azərbaycandır!
media-whatsapp-image-2026-10-25-at-00-55-54

media-adspc

Bənzər xəbərlər