Balaca rəssamlarımız “Art Shopping” sərgisində
“Little Artists by Nigarchitect” rəssamlıq məktəbi Parisdə keçirilən nüfuzlu “Art Shopping” beynəlxalq incəsənət sərgisində uğurla iştirak edir.
ERAmedia xəbər verir ki, məktəb bu il sərgidə C31 nömrəli stenddə “Azərbaycan uşaqlarının gözü ilə” mövzusunda çıxış edərək, ölkəmizin zəngin mədəniyyətini və milli dəyərlərini beynəlxalq auditoriyaya tanıdır. Nümayiş olunan əsərlərdə uşaqların Vətənə sevgisi, milli irsimiz və Azərbaycanın gözəllikləri onların baxış bucağından əks olunub.
Sərgi çərçivəsində məktəbin yetirmələri ziyarətçilər üçün xüsusi proqram da təqdim ediblər. Onlar Azərbaycan, ingilis və fransız dillərində qısa bədii tamaşa nümayiş etdirib, musiqi nömrələri ilə çıxış edərək tamaşaçıların böyük marağına və alqışlarına səbəb olublar. Gənc istedadlar yaradıcılıq və bacarıqları ilə Azərbaycanı beynəlxalq sənət platformasında layiqincə təmsil edirlər.
Qeyd edək ki, “Art Shopping” beynəlxalq incəsənət sərgisi oktyabrın 25-dək davam edəcək. “Little Artists” rəssamlıq məktəbi gələcəkdə də beynəlxalq layihə və sərgilərdə fəal iştirak edərək, Azərbaycan incəsənətinin və gənc istedadlarının dünya miqyasında tanıdılmasına töhfə verməyi hədəfləyir.









