media-2026_06_06_196780_2026_05_23_531838_nur

Kosmos da ola bilər, gecə barı da.

Təki kitab oxunsun?

Harada oxunmağından asılı olmayaraq, mütaliənin yeni üsulları axtarılır. Məsələn, Yaponiyada təcrübədən çıxmış bir məkanda maraqlı əlamətlər üzə çıxıb. Gənclər kitab oxumaq üçün zirzəmidə yerləşən gecə barına gəlir, yumyumşaq döşəklərin üstündə, küncdə-bucaqda, lap bizim alaçıqlarda olduğu kimi, mütəkkələrə söykənub, bardaş qurub kitab oxuyurlar. Ətrafda isə gumbultulu musiqi səslənir, əgər bu səs-küyü eşitmək istəmirsənsə, öz qulaqcıqlarını tax, öz musiqinə qulaq as – hamı kitab oxuyur və bu heç də görəcək-gəstərmə deyil, mütəmadi mütaliə məkanıdır. Məkanın sosial media səhifəsində yazılan bəzi şərhlər olduqca maraqlıdır. Məsələn, bir gənc siqaret çəkmədən kitab oxuya bilmədiyini yazır, digərinin ağlına isə bu mühiti öz evində yaratmaq gəlir, başqa birisi, orada kitab oxuyanların fikrini bilmək üçün çoxsaylı suallar yağdırır – “musiqi mane olmur ki?”, “içki də təklif edirlərmi?” və sair bu kimi suallar. Şərh yazanların böyük əksəriyyəti isə yaponiyalı deyil, Qərb tərəfdəndir…

Belə işlər bəzən kampaniya xarakteri daşıyır. Yaponiyadakı nümunə isə çox təbiidir.

Hətta kosmosda da kitab oxumağı təşviq etmək mümkündür. Bəlkə, ən böyük sual budur ki, indi daha çox nə oxunur və bu oxumanın sonrası nə olacaq? Mütaliəli insan, yeni “kitab qurdları” kitabdan nə götürür, bütün bunlar gələcək həyatımızda necə təzahür edəcək? Axı bir ucdan “oxu, oxu, mütləq oxu!” deyərkən, nə oxu, necə oxu məsələsi də bəzən kənarda qala bilər…

Azərbaycanda da kitab həftəsidir. 12-ci Bakı Beynəlxalq Kitab Sərgisi (21-27 oktyabr) get-gedə öz əhatə dairəsini genişləndirir. Sərginin bu ilki şüarı da maraqlıdır: “Həyat ekrandan böyükdür, bir uşaq, bir kitab, bir gerçək dünya”. Görünür, uşaqlarımızı ekranlardan qoparıb kitablara yönləndirməyimizin vacibliyi sərgi təşkilatçılarının da nəzərindən qaçmayıb. Sərgi çərçivəsində təşkil edilən onlayn səsvermədə isə hamımızın daha çox uşaq yazarı kimi tanıdığımz imza – Zahid Xəlil ikinci yerdədir. (Bu yazı yazılarkən mövcud olan nəticə nəzərdə tutulur. Sorğu siyahısında 50 Azərbaycan yazarının adı var).

Sevindirici haldır.

Görəsən, Gələcək ekranlardan ayıra biləcəyimiz uşaqlarındır? Bu kimi çoxsaylı suallar hələ də qarşımızdadır. Nə oxuyurlar? Hansı nəticələr hasil olunur?

Kaş ki, lap yaxın gələcəkdə bizimkilərdən kimsə kosmosda kitab oxuyurmuş kimi, selfi edib özünü göstərsin. Təki hamı kitabdan yana olsun. Bircə Yaponiyadakı kimi, mütaliəni yeraltı zirzəmilərdə axtarmayaq və avropalılar sayaq əyləncə variantları təklif etməyə başlamayaq…


media-adspc

Bənzər xəbərlər