İdeoloji təhlükəsizlik milli təhlükəsizliyin mühüm tərkib hissəsidir - Hikmət Quliyev
Müasir dövrdə milli təhlükəsizlik anlayışı dövlət sərhədlərinin və fiziki məkanın qorunması ilə məhdudlaşmır.
ERAmedia-ya bu fikirləri AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev açıqlamasında deyib.
İnformasiya texnologiyalarının sürətli inkişafı, süni intellektin ictimai həyata təsirinin artması ideoloji təhlükəsizliyin təmin olunmasını, cəmiyyətin yad ideoloji təsirlərə və informasiya manipulyasiyalarına qarşı dayanıqlılığının gücləndirilməsini zəruri edir.
O vurğulayıb ki, informasiya bolluğu şəraitində vətəndaşların məlumatları təhlil etmək, həqiqətlə dezinformasiyanı fərqləndirmək və manipulyativ məzmunu müəyyənləşdirmək bacarıqlarının inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan, rəqəmsal və media savadlılığının artırılması, kibertəhlükəsizlik mədəniyyətinin formalaşdırılması, gənclərin müstəqil düşünən və informasiya təsirlərini tənqidi qiymətləndirə bilən şəxsiyyətlər kimi yetişdirilməsi mühüm vəzifələrdəndir.
Hikmət Quliyevin sözlərinə görə, ideoloji təhlükəsizliyin möhkəmləndirilməsində təhsil, bilik və müasir texnoloji səriştələrlə yanaşı, milli-mənəvi dəyərlərin, tarixi yaddaşın və milli kimliyin qorunması da mühüm rol oynayır. Vətənpərvərlik yalnız tarixi qələbələrlə qürur duymaq deyil, həm də dövlətçilik məsuliyyətini dərk etmək, milli maraqlara həssas yanaşmaq və ölkənin gələcəyinin qurulmasında fəal iştirak etmək deməkdir.
O bildirib ki, müasir ideoloji iş ənənəvi təbliğat üsullarının yenilənməsini, informasiya mühitinin xüsusiyyətlərinin nəzərə alınmasını və yeni kommunikasiya imkanlarından səmərəli istifadəni tələb edir. İdeoloji fəaliyyət formal tədbirlərlə məhdudlaşmamalı, xüsusilə gənclərin maraqlarına, informasiya istehlakı vərdişlərinə və müasir texnoloji reallıqlara uyğun qurulmalıdır.
Hikmət Quliyev rəqəmsallaşma və süni intellekt sahəsində həyata keçirilən dövlət siyasətinin əhəmiyyətinə də toxunaraq qeyd edib ki, rəqəmsal inkişafın sürətləndirilməsi və süni intellekt texnologiyalarının tətbiqi ölkənin texnoloji potensialının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, vətəndaşların yeni texnologiyaların imkanlarını və risklərini dərk etməsi, rəqəmsal mühitdə təhlükəsiz davranış qaydalarına əməl etməsi və informasiya manipulyasiyalarına qarşı tənqidi düşüncə nümayiş etdirməsi vacibdir.
O vurğulayıb ki, bu istiqamətdə orta və ali təhsil müəssisələrinin, ailələrin, ziyalıların, alimlərin və bütövlükdə cəmiyyətin üzərinə mühüm məsuliyyət düşür. Təhsil sistemində rəqəmsal və media savadlılığının inkişaf etdirilməsi, ailədə milli-mənəvi dəyərlərin aşılanması, elmi mühitdə müasir çağırışların müzakirəsi və dövlətlə cəmiyyət arasında səmərəli kommunikasiyanın qurulması ideoloji təhlükəsizliyin möhkəmləndirilməsinin əsas istiqamətləridir.
Hikmət Quliyev bildirib ki, fiziki, ideoloji və kibertəhlükəsizlik bir-birini tamamlayan strateji istiqamətlərdir. Bu sahələrdə ardıcıl və sistemli fəaliyyət Azərbaycanın milli maraqlarının, dövlət müstəqilliyinin və milli-mənəvi dəyərlərinin qorunmasına, müasir texnologiyalara yiyələnən, eyni zamanda milli kimliyinə və tarixi yaddaşına bağlı yeni nəslin formalaşmasına töhfə verəcəkdir.









