Yunanıstanda yeniyetmələrə sosial şəbəkələrdən istifadə qadağan edilib
Yunanıstan parlamenti yaşı 15-dən az olan uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun layihəsini qəbul edib. Yeni məhdudiyyətlərin 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
ERAmedia xəbər verir ki, Yunanıstanın “Kathimerini” nəşrinin məlumatına görə, qanunvericilik təşəbbüsü sosial şəbəkələrin uşaqların psixoloji sağlamlığına, yuxu rejiminə və sosial inkişafına mənfi təsiri ilə bağlı artan narahatlıqlar fonunda irəli sürülüb.
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bildirib ki, uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsi hökumətin əsas prioritetlərindən biridir. O, texnologiya şirkətlərini istifadəçilərin yaşını müəyyənləşdirən etibarlı yoxlama mexanizmləri tətbiq etməyə, eyni zamanda, şəxsi məlumatların məxfiliyini qorumağa çağırıb.
Yeni qanunvericiliyə əsasən, sosial media platformaları istifadəçilərin yaşını təsdiqləyən texniki sistemlər tətbiq etməli və müəyyən olunmuş yaş həddindən aşağı olan uşaqların öz xidmətlərindən istifadəsinin qarşısını almalıdır.
Məhdudiyyətlərə riayət edilməsinə görə əsas məsuliyyət uşaqların və onların valideynlərinin deyil, rəqəmsal platformaların üzərinə qoyulacaq.
Yunanıstan hökuməti hesab edir ki, yeni tədbirlər uşaqların ekran qarşısında həddindən artıq vaxt keçirməsinin qarşısını almağa, yuxu pozuntularının və diqqət problemlərinin azalmasına kömək edəcək. Yunanıstan, həmçinin Avropa Komissiyası və Avropa İttifaqının digər üzv dövlətləri ilə birlikdə azyaşlıların internetdə müdafiəsini gücləndirmək məqsədilə vahid yaşyoxlama mexanizmlərinin hazırlanması üzərində işləyir.
Qeyd edək ki, uşaqların sosial şəbəkələrdən istifadəsinin tənzimlənməsi və texnologiya şirkətlərinin azyaşlı istifadəçilərin təhlükəsizliyinə görə məsuliyyəti beynəlxalq səviyyədə geniş müzakirə olunan məsələlərdəndir.










