media-17927733275201011698_1200x630

Azərbaycanda hazırda zeytun yığımı mövsümüdür. Elə bu mövsümdə Dənizkənarı Milli Parkın ərazisində Zeytun Festivalı başlayıb.

ERAmedia xəbər verir ki, oktyabrın 25-dək davam edəcək festivalın əsas məqsədi Azərbaycanın qədim zeytunçuluq ənənələrinin təbliği, yerli istehsalçıların tanıdılması və dəstəklənməsi, eləcə də bu sahədə milli brendin formalaşdırılmasına töhfə verməkdir.

Festival Dövlət Turizm Agentliyi və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi, “Absheron Olive Gardens” və “Olivea” zeytun məhsullarının sponsorluğu ilə keçirilir.

Festival ərazisində qurulan pavilyonlarda müxtəlif istehsalçıların zeytun və zeytun məhsulları təqdim olunur.

Süfrələrimizin ayrılmaz neməti, bolluq və bərəkət rəmzi olan zeytun tədbirin əsas mövzusudur. Festival zeytunçuluq ənənələrinə, yerli məhsullara və bu sahədə çalışan insanların əməyinə diqqət çəkmək üçün gözəl fürsətdir.

Tədbirin yerli sakinlərin və xarici qonaqların sevimli gəzinti məkanlarından biri olan Dənizkənarı Milli Parkın ərazisində təşkili isə zeytun və zeytun məhsullarını daha geniş ziyarətçi kütləsinə tanıtmaq imkanı yaradır.

Üç gün ərzində ziyarətçilərə maraqlı mədəni və əyləncəli proqram təqdim olunur.

Tədbirin birinci gününün əyləncə proqramı DJ Kamonun dinamik ritmləri ilə yadda qalıb.

Üç gün ərzində ziyarətçiləri ləziz məhsullar, canlı musiqi, sənət nümayişləri, uşaq əyləncə zonası, ailəvi istirahət üçün unudulmaz ab-hava gözləyir.

Sabah, oktyabrın 24-də festivalın musiqi proqramı sevilən ifaçı Rilayanın çıxışı ilə başlayacaq. Daha sonra səhnə digər tanımış müğənni Mərdan Kazımovun ixtiyarına veriləcək. Həmin gün axşam konsertində reper və mahnı müəllifi Orxan Zeynallı, Əməkdar artist Xəyyam Nisanov və Xalq artisti Zülfiyyə Xanbabayeva tamaşaçılar qarşısına çıxacaq.

Oktyabrın 25-də günorta konserti “Wave band” qrupunun çıxışı ilə açılacaq. Sonra isə musiqi proqramı Teymur Süleymanbəylinin, “Excellent band” qrupunun ifaları ilə davam edəcək. Festivalın sonuncu günü axşam konsertində Azad Şabanov, Zamiq Hüseynov səhnəyə çıxacaqlar. Xalq artisti Aygün Kazımova isə öz ifası ilə festivalın musiqi proqramına yekun vuracaq.

Festival ərazisinə giriş, eləcə də əyləncə və konsert proqramlarında iştirak ödənişsizdir.


media-adspc

Bənzər xəbərlər