Paşinyan sülh müqaviləsi ilə bağlı açıqlamasını niyə dəyişdi?
Milli Məclisin deputatı Sahib Alıyev Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsinin imzalanma müddəti ilə bağlı mövqeyini dəyişməsinin səbəblərini açıqlayıb.
ERAmedia-nın məlumatına görə, Sahib Alıyev bildirib ki, Paşinyanın oktyabrın 15-də sülh müqaviləsinin 2031-ci ilə qədər imzalana biləcəyini deməsi və bu gün keçirdiyi brifinqdə həmin fikrinin səhv anlaşıldığını bildirməsi, müddəti 3-4 il qabağa çəkməsi səbəbsiz deyil. Deputat qeyd edib ki, bu məsələdə Azərbaycanın reaksiyası mühüm rol oynayıb.
Sahib Alıyevin sözlərinə görə, Azərbaycanla sülhün 2031-ci ilə qədər uzadılmasının regionda müharibə riskini artırdığını anlayan erməni cəmiyyətində, xüsusilə sosial şəbəkələrdə açıq narazılıq ifadə olunub. O, Qərbdəki müəyyən dairələrin də Paşinyana bu taktiki gedişin yanlış olduğunu, Azərbaycanla gərginliyə yol aça biləcəyini və Ermənistanın gözlədiyi investisiyaların qarşısını ala biləcəyini bildirmiş ola biləcəyini vurğulayıb.
Deputat TRİP layihəsinin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsindən birbaşa asılı olduğunu xatırladaraq, Paşinyanın 2031-ci illə bağlı fikirlərinin Vaşinqtonda da narazılıq doğurmasının mümkünlüyünü qeyd edib. Onun fikrincə, rəsmi İrəvanın dəhlizin açılmasını ləngidən bəzi addımlarının səbəbləri də daha aydın görünməyə başlayıb.
Sahib Alıyev hesab edir ki, Paşinyana və komandasına regiondakı vəziyyətin gələcəkdə Ermənistanın xeyrinə dəyişə biləcəyi ilə bağlı vədlər verilmiş ola bilər.
“Paşinyan yaxasında “Real Ermənistan”ın maketini gəzdirsə də, beynində gəzdirdiyi “Böyük Ermənistan” xülyasıdır. Dildə Azərbaycan və Türkiyə ilə normal qonşuluqdan danışsa da, içində Njde gizlənib”, – deyə deputat bildirib.
O vurğulayıb ki, rəsmi İrəvana mövcud siyasətin Ermənistan üçün hansı nəticələr doğura biləcəyi izah edilməlidir. Sahib Alıyev 1990-cı il avqustun 23-də qəbul edilmiş Ermənistanın Müstəqillik Bəyannaməsinin preambulasına diqqət çəkərək, həmin sənəddə Ermənistan Respublikasının 1918-ci ildə yaranmış Ararat Respublikasının varisi kimi təqdim edildiyini xatırladıb. Deputatın sözlərinə görə, Ararat Respublikasının ərazisi 29 743 kvadratkilometr deyil, cəmi 9 min kvadratkilometr olub.
Sahib Alıyev Paşinyanın bugünkü brifinqdə 2020, 2021, 2022 və 2023-cü illərdə baş verənləri, eləcə də həmin hadisələr zamanı Rusiyanın seyrçi mövqedə qalmasını heç vaxt unutmayacaqlarını deməsinə də münasibət bildirib.
Deputatın fikrincə, məhz həmin illərdə baş verən müharibə və hərbi əməliyyatlar Paşinyanın “Real Ermənistan” mövqeyini ön plana çıxarmasına səbəb olub.
“Bax bunun özü də göstərir ki, əllərinə fürsət düşsə, Ermənistanın Baş naziri də, ölkəsindəki digər revanşistlər kimi regionu yenidən 2020-ci ildən əvvəlki vəziyyətinə qaytarmaq istərdi. Onun beynindəki müstəqil Ermənistan yox, məhz budur”, – deyə Sahib Alıyev qeyd edib.
Deputat hesab edir ki, Paşinyanın sülh məsələsində tərəddüdləri regionda vəziyyətin Ermənistanın xeyrinə dəyişə biləcəyinə dair müəyyən vədlərlə bağlı ola bilər.
Sahib Alıyev bildirib ki, Paşinyan sadaladığı illərdə baş verənlərə haqq qazandırmaq əvəzinə, Azərbaycanın ərazilərinin işğalına, törədilmiş soyqırımı və etnik təmizləmə cinayətlərinə, eləcə də digər vəhşiliklərə görə üzr istəməli və belə halların bir daha təkrarlanmayacağına dair mövqe ortaya qoymalıdır.
Deputat sonda bu istiqamətdə proseslərin davam edəcəyini vurğulayaraq, Ermənistanın nə vaxtsa baş verənlərə görə üzr istəyəcəyini və bir daha belə addımlar atmayacağını bəyan edəcəyini bildirib.
Vüsalə










