BƏƏ-nin bəzi çimərlikləri bu səbəbdən bağlanıb
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İqlim Dəyişiklikləri və Ətraf Mühit Nazirliyi neft sızması nəticəsində Umm əl-Qayveyn əmirliyinin bütün çimərlik və sahilyanı ərazilərinin müvəqqəti bağlandığını açıqlayıb.
ERAmedia “əl-Hədəs” telekanalına istinadla xəbər verir ki, texniki müşahidə və ekoloji qiymətləndirmə sistemləri neftdaşıyan tankerdən sızma aşkar edib. Sızmanın təsirləri Umm əl-Qayveyn sahillərinə qədər yayılıb.
Hadisənin qeydə alınmasından dərhal sonra müvafiq qurumların mütəxəssisləri sızmanın qarşısının alınması, təsirlənmiş ərazilərin təcrid edilməsi, təmizlənməsi və ekoloji fəsadların aradan qaldırılması istiqamətində tədbirlərə başlayıblar.
Nazirlik bildirib ki, çimərliklər və sahilyanı ərazilər üzrə məhdudiyyətlər mütəxəssislərin qiymətləndirmə işləri başa çatana və dəniz mühitinin təhlükəsizliyini təmin edəcək tədbirlər müəyyənləşdirilənədək qüvvədə qalacaq. Çimərliklərin yenidən açılacağı tarix barədə məlumat verilməyib.
Bildirilib ki, sızmanın mümkün təsir miqyasını müəyyənləşdirmək üçün sahilboyu ərazilərdə monitorinq və ekoloji qiymətləndirmə işləri davam etdirilir.
Nazirlik, həmçinin Şarcə, Acman və Umm əl-Qayveyn əmirliklərində havada yayılan neft qoxusunun sağlamlıq üçün təhlükə yaratmadığını açıqlayıb.
Qurum balıqçılara və dənizdən istifadə edən şəxslərə müvafiq orqanların göstərişlərinə əməl etməyi, neft sızmasından təsirlənmiş ərazilərdə balıq ovundan çəkinməyi tövsiyə edib. Nazirlik əhalini hadisə ilə bağlı məlumatları yalnız rəsmi mənbələrdən əldə etməyə və təsdiqlənməmiş xəbərləri yaymamağa çağırıb.
Açıqlamada neft sızmasının baş verdiyi tankerin hansı bayraq altında üzməsi, dənizə axan neftin miqdarı və çirklənmənin əhatə etdiyi dəniz sahəsinin ölçüsü barədə məlumat verilməyib.










