media-whatsapp-image-2026-10-23-at-10-27-23

1994-cü il noyabrın 22-də ABŞ prezidenti Bill Klinton nüvə silahından imtina etdiyinə görə Ukraynaya minnətdarlığını bildirərək ölkənin suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün qorunması üçün Kiyevin yanında olacağını vəd etmişdi.

ERAmedia-nın məlumatına görə, araşdırmaçı jurnalist Arzu Qazıyeva bu gün həmin vədlərlə Ukraynada baş verənləri müqayisə edərək ABŞ-ın hazırkı siyasətini tənqid edib.

O bildirib ki, bu gün dünya həmin vədlərin əksini müşahidə edir: Tramp administrasiyası Ukraynanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü Rusiya qarşısında müzakirə predmetinə çevirir, Kiyevdən isə güzəştlər və təslimçilik tələb olunur.

Jurnalist ABŞ prezidentinin sülh danışıqları üzrə nümayəndəsi Stiv Vitkoffun Rusiya prezidenti Vladimir Putini humanist adlandırmasına da etiraz edib. O, Rusiyanın Xarkovda istirahət parkına endirdiyi “Şahed” zərbələri nəticəsində bir yaşlı uşaq da daxil olmaqla yeddi uşağın həlak olduğunu xatırladaraq belə bir şəraitdə Putinin humanist kimi təqdim edilməsini sual altına alıb.

Arzu Qazıyeva qeyd edib ki, uşaq arabasındakı körpənin fotosu ona 1992-ci ildə Xocalıda qətlə yetirilən uşaqları xatırladıb. Onun sözlərinə görə, həmin vaxt da erməni silahlı qüvvələrinin arxasında dayanan və onlara dəstək verən Rusiyanın 366-cı motoatıcı alayı idi.

“Rusiyanın sülh dünyası başqa cür olmur”, – deyə jurnalist vurğulayıb.

O, həmçinin Ukraynaya endirilən zərbələrin hədəfləri ilə bağlı məhdudiyyətlərin Putinin göstərişi ilə aradan qaldırıldığını və Ukraynanın yaşayış üçün yararsız vəziyyətə salınmasının məhz onun istəyi ilə həyata keçirildiyini iddia edib.

Araşdırmaçı jurnalist Azərbaycanın 30 il Ermənistanın işğalı altında qalmış ərazilərinin də Rusiyanın dəstəyi və xeyir-duası ilə erməni vandalları tərəfindən dağıdıldığını xatırladıb. O, Ukraynadakı dağıntılarla Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki mənzərə arasında paralel aparıb.

Arzu Qazıyeva beynəlxalq ictimaiyyətə, xüsusilə ABŞ-a çağırış edərək Ukraynada baş verənlərə son qoyulmasının vacibliyini vurğulayıb.

“Hey, ordakılar, əməl edin vədinizə, durdurun bu zalımı nəhayət ki”, – deyə jurnalist fikirlərini yekunlaşdırıb.

media-whatsapp-image-2026-10-23-at-10-27-32

Mələk Onur


media-adspc

Bənzər xəbərlər