İngiltərə hökumətindən çağırış: "Ərzaq və su ehtiyatı hazırlayın"
İngiltərədə başladılan “Be Ready” (“Hazır ol”) kampaniyası çərçivəsində vətəndaşlara elektrik, su və rabitə xidmətlərinin kəsilməsi ehtimalına qarşı əvvəlcədən hazırlıq görmək tövsiyə olunur.
ERAmedia xəbər verir ki, hökumət təchizat zəncirlərində yarana biləcək fasilələri də nəzərə alaraq, ailələrin üç gün ərzində əsas ehtiyaclarını ödəməyə kifayət edəcək ehtiyatlar hazırlamasını məsləhət görüb.
Kampaniya çərçivəsində vətəndaşlara hər nəfər üçün gündəlik 3 litr olmaqla, üç günə cəmi 9 litr içməli su, uzun müddət xarab olmayan ərzaq məhsulları, ilk yardım ləvazimatları, fənər, ədyal, nağd pul və batareya ilə işləyən radio saxlamaq tövsiyə edilib.
Bildirilib ki, fövqəladə hallarda elektrik, su, telefon və internet xidmətlərində fasilələr yarana, eləcə də təchizat zəncirlərində problemlər meydana çıxa bilər.
İngiltərənin müdafiə naziri Ues Stritinq ölkənin Telford şəhərində müdafiə sənayesi müəssisəsində çıxışı zamanı təbii fəlakətlər, mürəkkəb kiberhücumlar və dövlət dəstəkli terrorizm kimi təhdidlərə qarşı daha hazırlıqlı olmağın vacibliyini vurğulayıb.
Rusiyanın və digər düşmən dövlətlərin gündəlik həyatda istifadə olunan kritik infrastrukturu hədəfə ala biləcəyi barədə xəbərdarlıq edən Stritinq deyib: “Bu təhdidlər fərziyyə deyil, realdır. Onlar başqa yerlərdə deyil, getdikcə daha çox burada qarşımıza çıxır”.
Nazir mümkün böhranlar zamanı necə davranacaqlarını əvvəlcədən planlaşdırmağın həm ev təsərrüfatları, həm də müəssisələr üçün əhəmiyyətini qeyd edib.
Ues Stritinq BBC-nin “Question Time” proqramında çıxışı zamanı hökumətin məqsədinin əhalini qorxutmaq olmadığını bildirib. “İnsanların ayıq-sayıq olmasını, lakin panikaya düşməməsini istəyirik”, – deyə o vurğulayıb.
Hazırlıq tədbirlərinin konkret bir təhdidə qarşı yönəlmədiyini bildirən nazir ərzaq və su ehtiyatlarının elektrik kəsintiləri, yaxud kiberhücumlar nəticəsində ödəniş sistemlərinin işləməməsi kimi hallarda faydalı ola biləcəyini qeyd edib.
İngiltərənin təhlükəsizlik naziri Den Cərvis də vətəndaşların sadə qabaqlayıcı tədbirlər görməsinin fövqəladə vəziyyətlərdə təhlükəsizlik və xilasetmə xidmətlərinə daha çox ehtiyacı olan şəxslərə üstünlük verilməsinə imkan yaradacağını bildirib.
Cərvis hökumətin bu təşəbbüslə ölkənin böhranlara qarşı dayanıqlığını artırmağı hədəflədiyini deyib. O, Fransa, İrlandiya və Niderlandda da oxşar hazırlıq kampaniyalarının həyata keçirildiyini xatırladıb.
Qeyd edək ki, dünya üzrə çoxsaylı internet saytlarında istifadə olunan PHP proqramlaşdırma dilində kritik təhlükəsizlik boşluğu aşkarlanmasından sonra İngiltərədə dövlət xidmətlərinə aid 32 internet saytı ehtiyat tədbiri olaraq giriş üçün bağlanmışdı.
Vüsalə










