Avropada görünməmiş faciə: 50 mindən çox insan öldü
Avropada bu yay müşahidə olunan kəskin istilər nəticəsində şəhər ərazilərində 50 mindən çox insanın həyatını itirdiyi ehtimal olunur. Araşdırma zamanı bu ölümlərin təxminən üçdə ikisinin iqlim dəyişikliyinin təsirləri ilə bağlı olduğu müəyyən edilib.
ERAmedia xəbər verir ki, “Imperial College London” və London Gigiyena və Tropik Tibb Məktəbinin alimləri Avropa İttifaqının 27 üzv dövləti, Böyük Britaniya, Norveç və İsveçrə daxil olmaqla, 30 ölkədə yerləşən 854 şəhər ərazisində həddindən artıq istilərin ölüm hallarına təsirini araşdırıblar. Bu ərazilərdə sözügedən ölkələrin əhalisinin təxminən 40 faizi yaşayır.
Tədqiqatçılar temperatur göstəricilərindən və keçmişdə temperaturla ölüm halları arasında müşahidə edilən əlaqələrə əsaslanan modellərdən istifadə edərək, 2000–2026-cı illərin yay aylarında hər bir şəhər ərazisində isti hava səbəbindən baş verə biləcək əlavə ölüm hallarının sayını hesablayıblar. Metodun sonradan milli səhiyyə qurumları tərəfindən açıqlanan rəsmi məlumatlarla uyğun nəticələr verdiyi bildirilib.
Alimlərin hesablamalarına görə, bu yay qeyd olunan ölkələrdə kəskin istilər nəticəsində 50 mindən çox insan həyatını itirib. Ölüm hallarının təxminən üçdə ikisi fosil yanacaqların istifadəsi nəticəsində yaranan iqlim dəyişikliyi ilə əlaqələndirilir.
2026-cı ilin yayında isti hava ilə əlaqəli ölüm hallarının sayı 2000-ci ildən bəri qeydə alınan ən yüksək göstərici olub. Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə yüksək temperatur səbəbindən 29 min, 2003-cü ildə isə 28 min ölüm halı qeydə alınmışdı.
Alimlərin qiymətləndirməsinə əsasən, ölüm hallarının təxminən üçdə biri iyunun 17-dən iyulun 1-dək olan dövrdə baş verib. Həmin müddətdə region üzrə gündəlik orta temperatur 1991–2020-ci illərin orta göstəricisini 5 dərəcədən çox üstələyib.
İsti havadan ən çox təsirlənən ərazilər arasında temperaturun və ölüm hallarının daha yüksək qeydə alındığı Cənubi və Qərbi Avropa şəhərləri yer alıb.
Adətən daha sərin iqlimi ilə seçilən Böyük Britaniya kimi Şimali Avropa ölkələrinin şəhər ərazilərində də təxminən 4 500 nəfərin isti hava səbəbindən öldüyü ehtimal edilir.
İsti hava ilə əlaqəli ölüm halları əsasən yaşlı insanlara təsir etsə də, təhlil edilən şəhər ərazilərində bu yay 65 yaşdan aşağı təxminən 6 min insanın da yüksək temperatur səbəbindən həyatını itirdiyi qiymətləndirilir.
Yay mövsümü, xüsusilə Qərbi Avropada ardıcıl isti hava dalğaları ilə müşayiət olunub və ictimai sağlamlığa ciddi təsir göstərib. Ən yüksək temperatur anomaliyası da məhz Qərbi Avropada qeydə alınıb.
Mövsüm ərzində temperatur 1991–2020-ci illərin orta göstəricisindən təxminən 2,9 dərəcə yüksək olub. Bəzi günlərdə isə bu fərq 12 dərəcəyə çatıb.
Vural










