Qubada vəzifəli şəxs həbs edilib
Quba Olimpiya İdman Kompleksinin direktorunun həbs ilə bağlı araşdırma aparılır.
ERAmedia xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirlik fəaliyyətində şəffaflığın təmin olunmasını, maliyyə vəsaitlərindən təyinatı üzrə və səmərəli istifadə edilməsini daim diqqət mərkəzində saxlayır. Bu məqsədlə tabeli qurumlarda mütəmadi olaraq planlı monitorinqlər və audit yoxlamaları həyata keçirilir:
“2023-cü ildə Gənclər və İdman Nazirliyinin Daxili audit sektoru tərəfindən Bakı Şəhər Gənclər və İdman İdarəsində aparılan audit yoxlaması zamanı bir sıra maliyyə pozuntuları aşkar edilib. Aşkar olunmuş hallara hüquqi qiymət verilməsi məqsədilə nazirlik rəsmi olaraq müvafiq sənədləri Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərib. Faktlarla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri nəticəsində toplanmış materiallar məhkəməyə göndərilib.
Eyni zamanda, cari ildə Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksində maliyyə vəsaitlərinin mənimsənilməsi ilə bağlı şübhələr barədə “Azəridmanservis” MMC tərəfindən Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə rəsmi məktubla müraciət edilib.
Nazirlik şəffaflığın təmin edilməsi, maliyyə intizamının qorunması və aşkar edilmiş nöqsanlara qanunvericiliyə uyğun hüquqi qiymət verilməsi istiqamətində fəaliyyətini davam etdirir”.










