media-17927563224131463126_1200x630

Xankəndi şəhərində keçirilən “SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” mövzusunda beynəlxalq forum çərçivəsində “Süni intellekt və dataəsaslı dövlət idarəçiliyi: İmkanlar, risklər və gələcək” mövzusunda panel sessiya keçirilib.

ERAmedia xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədovun moderatorluğu ilə keçirilən panel sessiyada Moldovanın Əmək və Sosial Müdafiə Nazirliyinin dövlət katibi Mihai Qabriel Çiobanu, ASAN Süni İntellekt Mərkəzinin rəhbəri Ləman İbrahimova, Yunanıstanın Elektron Milli Sosial Sığorta Fondunun direktoru Alexandros Varveris, Lüksemburq Böyük Hersoqluğunun Milli Məlumat Xidmətinin mütəxəssisi Nicat Hacıxanov çıxış ediblər.

Panel iştirakçıları təmsil etdikləri qurumların təcrübəsini bölüşərək dövlət idarəçiliyində rəqəmsal həllərin və süni intellektin tətbiqi, xidmətlərin əlçatanlığının artırılması, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsi məsələlərinə toxunublar.

Çıxışlarda yeni rəqəmsal sistemlərin hazırlanması zamanı onların sadə və istifadəçilər üçün əlçatan olmasının vacibliyi vurğulanıb. Bildirilib ki, süni intellekt tətbiq edilməzdən əvvəl həll olunacaq problemin dəqiq müəyyənləşdirilməsi, iş proseslərinin düzgün qurulması və müvafiq standartların formalaşdırılması zəruridir.

Qeyd olunub ki, dövlət xidmətlərinin qiymətləndirilməsində vətəndaş məmnunluğu, nəticələrin dəqiqliyi və ədalətliliyi, eləcə də xidmətlərin əlçatanlığı və onlara etimad əsas meyarlar olmalıdır. Süni intellektin müraciətlərin cavablandırılmasında, daha mürəkkəb məsələlərin aidiyyəti əməkdaşlara yönləndirilməsində və xidmət proseslərindəki səhvlərin vaxtında aşkarlanmasında tətbiqinin işin səmərəliliyini artıra biləcəyi diqqətə çatdırılıb.

Müzakirələrdə, həmçinin qanunvericilikdəki dəyişikliklərin nəzərə alınması, xidmətlərin düzgünlüyünə nəzarət və vətəndaşların hüquqlarının qorunması məsələlərinin əhəmiyyəti vurğulanıb. İştirakçılar rəqəmsal transformasiyanın əsas məqsədinin yalnız texnologiyaların tətbiqi deyil, dövlət xidmətlərinin vətəndaşlar üçün daha sadə, sürətli və etibarlı şəkildə təşkil edilməsi olduğunu qeyd ediblər.


media-adspc

Bənzər xəbərlər