Dollarla rəqabət və yeni maliyyə sistemi axtarışı – TƏHLİL
Yaxın Şərqdə davam edən müharibələr BRICS daxilində ciddi fikir ayrılıqlarını üzə çıxarıb.
ERAmedia xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin açıqlamasına görə, təşkilatın yeni üzvləri sırasında yer alan İran və Birləşmiş Ərəb Əmirlikləri arasındakı gərginlik BRİCS-in vahid mövqe sərgiləməsini çətinləşdirir.
Mərkəzin təhlilinə əsasən, İranın son hərbi qarşıdurma zamanı ən çox raket və dron hücumları həyata keçirdiyi ölkələrdən biri məhz Birləşmiş Ərəb Əmirlikləri olub. Bu isə BRİCS daxilində paradoksal vəziyyət yaradıb. Təşkilat ABŞ və İsrailin İrana qarşı mümkün hərbi addımlarına qarşı çıxsa da, eyni zamanda üzv dövlətlərdən birinin digərinə qarşı hücumlarını dəstəkləyə bilmir. Nəticədə BRİCS vahid bəyanat vermək əvəzinə, üzv ölkələr münaqişə ilə bağlı ayrı-ayrılıqda mövqelərini açıqlayıblar.
“Atlas” Araşdırmalar Mərkəzi hesab edir ki, BRİCS-in əsas strateji hədəfi çoxqütblü dünya düzəninin formalaşdırılmasıdır. 2026-cı ilin yanvarından təşkilata sədrliyin Hindistana keçməsi bu baxımdan yeni mərhələ hesab olunur. Cari ilin sentyabr ayında Yeni Dehlidə keçiriləcək sammitdə əsas diqqətin ticarət və maliyyə münasibətlərinin dərinləşdirilməsinə yönələcəyi gözlənilir.
Təşkilata üzv dövlətlər milli valyutalarla ticarəti genişləndirməyə və dollardan asılılığı azaltmağa çalışırlar. Bu çərçivədə rəqəmsal valyutalarla hesablaşmaların tətbiqi və SWIFT-ə alternativ mexanizmin yaradılması müzakirə olunur. Lakin analitiklər bildirir ki, bu proses həm texniki, həm də siyasi baxımdan mürəkkəbdir.
Mərkəzin məlumatına görə, ABŞ dolların qlobal statusunu milli təhlükəsizliyin əsas elementi hesab edir. ABŞ Prezidenti Donald Trump ticarətdə dollardan imtina etməyə çalışan ölkələri sanksiyalarla hədələyib. Bu isə BRİCS ölkələrinin manevr imkanlarını məhdudlaşdırır, çünki onların əksəriyyəti ABŞ-la iqtisadi əlaqələri qorumaqda maraqlıdır.
Digər tərəfdən, “Atlas” Araşdırmalar Mərkəzi Rusiya ilə Hindistan arasında 2025-ci ilin fevralında imzalanan hərbi əməkdaşlıq sazişinin təsdiqlənməsinə də diqqət çəkir. Sazişə əsasən, tərəflər bir-birinin ərazisində məhdud sayda hərbi kontingent, gəmi və təyyarə yerləşdirə biləcəklər. Bu əməkdaşlıq daha çox birgə təlimlər, humanitar missiyalar və fövqəladə hallarda qarşılıqlı dəstəyi nəzərdə tutur.
Analizdə vurğulanır ki, sənədin Yaxın Şərqdə gərginliyin artdığı dövrdə qüvvəyə minməsi onun strateji əhəmiyyətini artırır. Bununla belə, Hindistan bu əməkdaşlığı Rusiya-nın Ukraynaya qarşı müharibəsinə dəstək kimi qiymətləndirmir. Yeni Dehli üçün əsas prioritet Rusiyadan hərbi texnika idxalının davam etdirilməsidir.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu-nun məlumatına görə, Hindistan dünyada ikinci ən böyük silah idxalçısı olaraq qalır və idxalın təxminən 40 faizi Rusiyanın payına düşür. Bununla yanaşı, Hindistan silah təchizatını diversifikasiya etməyə çalışır və ABŞ ilə Avropa ölkələri ilə hərbi-texniki əməkdaşlığı genişləndirir.
“Atlas” Araşdırmalar Mərkəzi belə qənaətə gəlir ki, BRİCS daxilində siyasi ziddiyyətlər və qlobal güclər arasında rəqabət təşkilatın gələcək fəaliyyətinə birbaşa təsir göstərəcək.
Vural










