media-0304b31c-c9cb-4b11-a195-5d11c97af488

media-img_8127

Bu şəkil çəkiləndə 23 yaşım vardı və 5-6 yaş böyük olduğum şagirdlərimlə 1 ildir yol gedirdik.

Təxminən 1 ildən sonra onların, demək olar, əksəriyyəti bugünkü Azərbaycan Respublikası Dövlət Himninin sözlərini əzbər deməməyi ayıb sayırdı:

Azərbaycam, Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız.
Səndən ötrü qan tökməyə cümlə qadiriz.

Onda zaman 1984-cü il, məkan Ermənistan SSR-nin Amasiya rayonundakı Əzizbəyov (Qaraçanta) kəndi idi.
Mənim gənc dostlarımın hər biri Nazim Hikmətin “Bəylər, bu vətənə nasıl qıydınız?” şeirini göz yaşları içində əzbər deyirdi:

Onu didik-didik didiklədilər,
Saçlarından tutub sürüklədilər.
Götürüb kafirə “Buyur!”- dedilər,
Bəylər, bu Vətənə nasıl qıydınız?!

Onların əzbərdən dedikləri və qürurla eşitdiyim Himnin sözləri, Əli bəy Hüseynzadənin publisistikası, Nazim Hikmətin şeirləri, Üzeyir bəyin felyetonları, Zeynalabdin Marağayinin “İbrahim bəyin səyahətnaməsi” və başqa öyrətdiklərim Mirzə Fətəli Axundov adına Kitabxanadan onlar üçün tutduğum yükün içindəkilərinin bir qismi idi. Cəlil Məmmədquluzadənin “Azərbaycan” pamfletinin tədrisinə isə həmin Ermənistan Respublikasında, mövzunu dərs jurnalında göstərməklə 4 saat ayırırdım. Pamfleti, demək olar ki, əzbərdən söyləyən, “Ax, parçalaanmış Vətən, ax, yazıq Vətən!”– deyəndə gözləri dolan o dostlarımı hər vaxt sevgi ilə anıram.
Şadam ki, onların içindəki Azərbaycan sevgisinin pardaxlanmasının şahidi oldum.
Şadam ki, o gənc dostlarıma bunları aşılaya bildim: Qürur ən mürəkkəb insan hisslərindən biridir. O, ləyaqət və daxili möhkəmlik mənbəyi ola bilər, yaxud təkəbbürə, üstünlük kultuna və ya tanınmadan ağrılı asılılığa çevrilə bilər.
Üstəlik, onların daxilində formalaşan duyğularına belə əlavələr etməyə çalışırdım: Qürur ona görə ən qiymətli sosial hadisədir ki, ona sahib olan insan alçaldılmaya və manipulyasiyaya qarşı həssasdır.
Qürur bizə “Şəxsi mənfəət naminə qurban verməyə hazır olmadığım şeylər var” deməyə kömək edir.
Qürur vasitəsilə insan öz sərhədlərini, nailiyyətlərini və məsuliyyətlərini anlayır.
Qüruru olmayan kişi, kişi sayıla bilmədiyi kimi, qüruru olmayan qadın da qadın sayıla bilməz- qənaətinə birgə gəlirdik.
Biz “Qürur nə vaxt təhrif oluna bilər?” sualına da birgə cavab verirdik: Ləyaqət başqaları ilə müqayisədən asılı olmağa başladığı zaman qürurun süqutu başlayır.
Hə, həmin illərdə Ermənistan SSR sərhədlərinin sonuncu kilometrlərində, Qarsın beş-on kilometrliyindəki Vətənimizdə bu suallara cavab tapa bilirdik.
Mən müəllimlik illərimi bu qədər dəyərli gənc dostlarımla keçirdiyimin məmnuniyyətini yaşamağın zövqünü alıram.
Eşq olsun o dostlarıma ki, Qürur hissini qorumaqla birgə başladığımız yolu getməyə davam edirlər.


media-adspc

Bənzər xəbərlər