Türkoloji Qurultayın 100 illiyinə həsr olunan Altay Toplulukları Simpoziumu elmi əlaqələrin genişləndirilməsinə mühüm töhfə verəcəkdir - Hikmət Quliyev
Məlum olduğu kimi, 2025-ci ildə Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən qeyri-rəsmi sammitində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı ildə Birinci Türkoloji Qurultayın 100 illiyinin təntənəli şəkildə qeyd olunması təşəbbüsünü irəli sürüb və bununla bağlı müvafiq Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq, bu il ölkəmizin elm, təhsil və mədəniyyət qurumları tərəfindən Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş bir sıra silsilə tədbirlər keçirilir. Bu tədbirlər Türk dünyasını bir araya gətirməyə, ortaq keçmişdən ortaq gələcəyə doğru ənənələrin davam etdirilməsinə, elmi-mədəni əlaqələrin yüksəldilməsinə və Türk Dövlətləri Təşkilatı çərçivəsində strateji əməkdaşlığın dərinləşdiyi bir dövrdə alimlər arasında inteqrasiyanı sıxlaşdırmağa xidmət edir.
ERAmedia xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev bildirib. O qeyd edib ki, AMEA Rəyasət Heyəti və Folklor İnstitutunun həmtəşkilatçılığı ilə keçirilən 14-cü Beynəlxalq Altay Topluluqları Simpoziumu da Türkoloji Qurultayın 100 illiyinə həsr olunub. Simpoziumda Türkoloji Qurultayla yanaşı, altayşünaslığın aktual məsələlərinə dair panel müzakirələri aparılacaq.
Müzakirələrin əsas hədəfi altayşünaslıq və türkologiya sahəsindəki tədqiqatları müasir dövrün tələblərinə uyğunlaşdırmaq və türk dövlətləri arasında elmi əlaqələri möhkəmləndirməkdir. Tədbirdə 15 ölkədən 121 məruzəçi iştirak edir. Onların arasında Türk dünyası ilə yanaşı, Avropa ölkələrindən dəvət olunmuş tanınmış alimlər və professorlar yer alır. Sentyabrın 9–12-ni əhatə edən dördgünlük simpoziumda həmin mütəxəssislər panel rəhbəri və məruzəçi kimi çıxış edəcəklər.
H.Quliyevin sözlərinə görə, AMEA-da Türkoloji Qurultayın 100 illiyi çərçivəsində qarşıya qoyulan başlıca məqsədlərdən biri türkologiya elminin miqyasını genişləndirməkdir: “Sovet dövründə senzura səbəbindən türkologiya yalnız dilçiliklə məhdudlaşırdısa, bu gün bu sahə ədəbiyyatşünaslıq, folklorşünaslıq və tarixşünaslığı da əhatə edir. Bu baxımdan, həm Türkoloji Qurultay, həm də altayşünaslıq kontekstində keçirilən bu tədbir türk xalqları arasında elmi-mədəni əlaqələrin güclənməsinə və digər platformalarda da davam etdirilməsinə mühüm töhfə verəcək”.










