Etdiyi yaxşılığı unudan kişi - Arif Ərşad yazır...
“Yaxşılıq eləmək mərd kişinin işidir!”
Dədə bababalarımızdan qalma bu məsəli çox təəssüflər olsun ki, bu günki zəmanəmizdə bütün kişilərə şamil etmək mümkün deyil.
Mən nə vaxtsa etdiyi yaxşılığı unudan bir KİŞİ haqqında xatirələrimi sizinlə bölüşmək istəyirəm. Və nə yaxşı ki, zamanında belə bir insanı tanımaq mənə də nəsib olub…
1992-ci ilin sentyabr ayının ortaları idi. Erməni qonşularımız ərazi idiaları ilə torpaqlarımıza hucum edir, dinc sakinlərimizi yüz illərlə yaşadıqları dədə-baba torpaqlarından qovub çıxarmağa çalışırdılar. Artıq Laçın rayonunun özü və bir çox kəndləri boşaldılmış, həmin ərazilər erməni quldurları tərəfindən zəbt olunmuşdu. Həkəri çayı boyunca Qubadlı rayonuna yaxın ərazilərdə Laçın kəndləri uğrunda qızğın döyüşlər gedirdi. Bu döyüşlərdə ailəsi, iki körpə uşaqları və yaşlı ata-anası ilə birgə Sumqayıtda yaşayan qaynım Vidadi Soltan oğlu Musayev də erməni vandallarına qarşı döyüşürdü. Əslən Qubadlının Qaracallı kəndindən olan Vidadi erməni vəhşilərinin torpaqlarımıza qarşı hucumlarının qarşısını almaq üçün müharibənin ilk günlərindən Azərbaycanın bir çox igid və qorxmaz, vətənpərvər oğulları kimi o da Vətənin müdafiəsinə qalxmışdı. Amma çox təəssüflər olsun ki, onun döyüş yolu 12 sentyabr 1992-ci ildə Laçın rayonunun Suarası kəndi uğrunda gedən qanlı döyüşlərdə sona çatdı. Vidadinin qəhrəmancasına şəhid olması xəbərini biz bir gün sonra aldıq və mən işdə olduğumdan şəhidin atası Soltan kişi öz şəxsi maşını ilə ailəsini də götürüb gecəylə Qubadlı rayonununa yola düşmüşdü. Mənə də sifariş eləmişdi ki, bu işlə əlaqədar bir-iki məsələni burada həll eliyəndən sonra kəndə gəlim. Bu məsələ ilə bağlı kəndə ketmək üçün mənə müraciət edən yaxın qonşuların, qohumların sayı həddindən çox olduğundan öz şəxsi maşınımla yox, onların rahatçılığını nəzərə alıb avtobus tutmaq qərarına gəldim. Bu məqsədlə bir neçə ağsaqqal Sumqayıt avtobazasına getməyi və oranın rəisi olan Sahib Qarayevə müraciət etməyi mənə məsləhət gördülər. Yoxsa ilin-günün belə qarışıq vaxtında avtobusu hardan tapmaq olardı. Bunu da deyim ki, adını eşitsəm də avtobazanın rəhbəri olan Sahib Qarayevlə şəxsi tanışlığım yox idi, sadəcə bir neçə dəfə şəhər səviyyəsində keçirilən tədbirlərdə qarşılaşmışdıq. Amma onu da vurğulayım ki, Sahib Qarayevin şəhərin ictimai-siyasi həyatında göstərdiyi geniş ictimai fəaliyyətindən başqa, bir ağsaqqal kimi Sumqayıt şəhərində böyük izzət və ehtirama malik olmasından da xəbərim vardı. Sadəliyi və alicənablığı ilə şəhər əhalisi arasında hörmət qazanmasından da məlumatlı idim. Eşitdiyimə görə ona müraciət edən heç bir insanı naümid geri qaytarmaq xisləti ona yad idi. Bir sözlə belə bir insanla indiyə qədər niyə şəxsi ünsiyyətimin olmaması məndə təəssüf hissi doğururdu. Sözümə qüvvət olaraq şəxsən tanımamasına baxmayaraq o, məni çox mehribanlıqla qarşıladı və gəlişimin məğzini biləndən sonra katibəsini yanına çağırıb bir sıra tapşırığını verdi. Bir neçə dəqiqədən sonra kabinetə gənc bir oğlan daxil oldu və Sahib müəllimin onunla ünsiyətindən sonra gəncin avtobus sürücüsü olması mənə məlum oldu. Sahib müəllim üzünü mənə tutub dedi:
-Arif müəllim, siz rayona bu cavan oğlanın avtobusu ilə gedəcəksiniz. Onun avtobusu həm təzədir, həm də rahat. Özünün belə gənc olmasına baxmayın, çox bacarıqlı və qoçaq oğlandır. Ən əsası isə o yolları gözəl tanıyır. Onu da deyim ki, bu da “Dağlar oğlu”dur. Hə, siz nə vaxt yola düşmək istəyirsiniz?
-Mümkün olsa elə iki saatdan sonra.
Bunu eşidən Sahib müəllim alnını qaşıyaraq nəsə fikrə getdi. Sonra üzünü sürücüyə tutub dedi:
-Oğlum, sən səhər Qaradağa apardığın fəhlələri axşam geri gətirməliydin, elədirmi?
Sürücü başı ilə onun dediklərini təsdiq elədi. Sahib müəllim qətiyyətlə dilləndi:
-Yox, sən Qubadlıya ezam olunursan, Qaradağdan fəhlələri gətirmək üçün sənin yerinə başqasını göndərərəm. İndi isə sən get maşınını yola hazırla. Mühasibatlığa tapşıracam sənin ezamiyyət vərəqəni yazsınlar. Benzin talonunu da götürməyi unutma. Sağ-salamat get və tər-təmiz də qayıt. Başa düşdün də?
Sürücü Sahib müəllimin dediklərini başı ilə təsdiq eləyib, maşını yola hazırlamaq və sənədlərini götürmək üçün icazə alıb kabinetdən çıxdı. Sürücü çıxandan sonra mən də göstərdiyi diqqət və qayğıya görə ona öz təşəkkürümü bildirib, ödəniş etmək üçün mühasibatlğın harda yerləşdiyini soruşduqda, Sahib müəllim qayğıkeşliklə əlini çiynimə qoyub mehriban və hüzünlə dolu bir səslə dilləndi:
-Arif müəllim, siz narahat olmayın, biz nə qədər eləsək də, Vətən yolunda şəhid olan qəhrəman oğullarımızın qarşısında öz borcumuzu ödəyə bilmərik. Heç bir ödəniş lazım deyil. Qoy bu da mənim Vətənimizin müdafiəsi üçün etdiyim bir zərrə savab kimi Allahın hesab dəftər-kitabına yazılsın. Qoy Allah onların ruhunu şad eləsin!
Biz avtobusla rayon ərazisinə çatanda artıq dan yeri yavaş-yavaş sökülməyə başlayırdı. Kəndə yetişəndə bütün gecəni yol sürən cavan sürücüyə ağsaqqallar tərəfindən nə qədər israrlı təkidlər olunsa da o, qalıb bir neçə saat dincəlməyə belə razı olmadı. Bir stəkan çay içib, Qaradağda işləyən fələlərin daşınmasını əsas gətirib, yola düşməyə hazırlaşanda mən ona yan alıb, pencəyinin döş cibinə “cibxərcliyi” qoymaq istədim. O, qətiyyətlə əlimi geri çəkib verdiyim pulu almaqdan qəti surətdə imtina edərək maşınına oturub yola düzəldi. Bax, onda Sahib müəllimin kabinetdə ona söylədiyi “tər-təmiz qayıt” ifadəsi yadıma düşdü.
Bir neçə gündən sonra biz şəhid Vidadinin nəəşini Sumqayıt şəhidlər xiyabanında dəfn edərkən Şumqayıt şəhər rəhbərliyinin, şəhər ictimaiyətinin, minlərlə şəhər sakinlərinin arasında Sahib Qarayev, Malik İsaqov, Tofiq Hüseynli, Famil Süleymanov, Nəbi Nəbiyev, Eyruz Məmmədov kimi eloğlularım da iştirak edirdilər. Onu da vurğulayım ki, elə bir ağır günündə belə hörmətli eloğlularımızı öz yanında görən şəhidin atası Soltan kişi dünyasını dəyişənə qədər həmin qürurverici məqamı xatırlayırdı. Bu gün aramızda olmayan qəhrəman şəhidimizin atası Soltan kişiyə, Sahib Qarayevə, Famil Süleymanova, Nəbi Nəbiyevə və Eyruz Məmmədov kimi el ağsaqqalarına Allahdan rəhmət diləyirəm! Qalan eloğullarımıza isə Allahdan can sağlığı arzulayıram! Allah sizləri qorusun!..
Sahib müəllimlə ikinci görüşüm düz on iki il sonra bir təsadüf nəticəsində baş tutdu. Yəni 2004-cü ilin baharında. Çapdan çıxmalı olan hansısa kitabı haqqında fikirlərimi bilmək üçün tarixi romanlar müəllifi, gözəl yazıçı Famil Süleymanov məni öz iş yerinə dəvət etmişdi. “Azərkimya” şirkətinin ikinci mərtəbəsində yerləşən kabinetində çay içə-içə kitabın müzakirəsini edirdik. Müzakirəmiz iki saatdan çox çəkdi və mən sonda icazə alıb getməli olduğumu Famil müəllimə söyləyəndə o, divardan asılmiş saata baxaraq daha bir neçə dəqiqə əyləşməyimi, indilərdə yanına gələməli olan bir adamla məni tanış etmək istədiyini bildirdikdə mən maraqla görüşün baş tutacağı anı gözləməyə məmnuniyyətlə razılıq verdim. Doğurdan da bir neçə dəqiqədən sonra onun gözlədiyi və mənimlə tanış etmək istədiyi adam kabinetə daxil oldu. Bu mənim artıq yaxşı tanıdığım Sahib Qarayev idi. Görüşümüz çox maraqlı və gözəl bir atmosverdə keçdiyindən mən harasa tələsib getməyimi belə artıq unutmuşdum. İki Böyük Kişinin mehriban və mənalı söhbətlərini, duzlu zarafatlarını, şirin xatirələrini dinləmək çox xoş gəlirdi deyə, mən bu gözəl insanlardan belə tez ayrılıb getmək haqqında artıq heç düşünmürdüm də. Söhbətimizin sonunda Famil müəllim üzünü mənə tutub Sahib müəllimi tanıdığımı soruşdu. Əlbəttə tanıyaram deyib, bir vaxtlar kabinetində baş tutan görüşümüzü təfsilatı ilə ona söylədim. Sahib müəllim də məni unutmadığını dedi və araya başqa söhbət salmaq istədiyini hiss etdiyimdən, mən onun bir vaxtlar etdiyi yaxşılığı da qeyd edib yadına saldım. Və hətta onu da söylədim ki, o, rayona getmək üçün bizə ayırdığı avtobusun pulunu belə ödəməyə imkan vermədi. Sahib müəllim mehriban bir nəzərlə üzümə baxıb gülümsədi və üzünü Famil müəllimə tutub tam səmimiyyətlə dedi:
-Düzdür, mənim də Arif müəllimlə görüşümüz yadıma gəlir. Elə qanlı-qadalı illəri də unutmaq çox çətindir. Amma onun bu danışdıqlarını mənim tərəfimdən yaxşılıq kimi əlaqələndirməyi ilə razı deyiləm. Bu mənim insanlıq borcum idi!..
Bu sözləri ürəyi-qəlbi özündən çox-çox böyük olan bir insan deyə bilərdi ki, onu da Sahib müəllim dedi.
Unudulmaz Sahib müəllim!.. Uzun illər keçsədə şəxsən mən heç bir zaman etdiyiniz yaxşılığı unutmayacağam. Haqqınızda yazdığım bu esseni sizi gələcək nəsillərə yaxından tanıtmaq üçün kiçik bir xatirə kimi ruhunuza ərməğan edirəm.
Qoy ruhunuz şad olsun, Böyük Kişi!









