İki ölkədən Hörmüz boğazı ilə bağlı çağırış
Səudiyyə Ərəbistanı ilə Almaniya Hörmüz boğazında dəniz nəqliyyatının normal fəaliyyətinin bərpa olunmasına çağırış edib.
ERAmedia xəbər verir ki, iki ölkə diplomatik əlaqələrin gücləndirilməsi məqsədilə “Strateji Dialoq” mexanizminin yaradılması barədə də razılığa gəlib.
Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhan Almaniyanın paytaxtı Berlində almaniyalı həmkarı Yohann Vadeful ilə görüşüb.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin yaydığı açıqlamaya görə, görüşdə regionda baş verən son hadisələr və beynəlxalq dəniz yollarının təhlükəsizliyi müzakirə olunub.
İki nazir beynəlxalq dəniz yollarında təhlükəsizliyin təmin edilməsinin və gəmiçilik azadlığının qorunmasının vacibliyini vurğulayıb.
Tərəflər Hörmüz boğazından keçidlərin normal məcrasına qayıtmasının regional təhlükəsizlik və sabitliklə yanaşı, beynəlxalq ticarət axınının fasiləsiz davam etməsi baxımından zəruri olduğunu bildiriblər.
Berlin görüşü çərçivəsində Səudiyyə Ərəbistanı ilə Almaniya arasında “Strateji Dialoqun yaradılmasına dair Anlaşma Memorandumu” imzalanıb.
Xarici işlər nazirləri səviyyəsində fəaliyyət göstərəcək mexanizm vasitəsilə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı məsləhətləşmələrin artırılması və regional məsələlər üzrə koordinasiyanın gücləndirilməsi hədəflənir.
Mələk Onur










