media-maxresdefault-e1523838409252

Azadlıq tərəfdarıyam. Hər kəs azad fikrini deməli, öz düşüncəsini ifadə edə bilməlidir. Ancaq insanın azadlığı başqasının sərhədlərinə çatdığı yerdə dayanmalıdır.

ERAmedia xəbər verir ki, hərbi ekspert Səxavət Məmməd sosial şəbəkələrdə dini inanclar, ateizm, vicdan azadlığı və cəmiyyətdə qarşılıqlı münasibətlərlə bağlı fikirlərini bölüşüb.

Səxavət Məmməd bildirib ki, insan necə istəyirsə, vicdanı, qüruru və prinsipləri ilə yaşamalıdır, lakin heç kəs öz azadlığını başqasını təhqir etmək və ya onun dəyərlərinə müdaxilə etmək həddinə çatdırmamalıdır.

“Mənə görə təriflənəcək adam təriflənməli, tənqid edilməli adam tənqid edilməlidir. Haqqı verilməli olana haqqı verilməlidir. Bu, əks fikirdə olan insanlara təzyiq göstərilməsi və ya onların aşağılanması demək deyil. Yaxşılığa yaxşılıqla, pisliyə isə ədalətlə cavab vermək lazımdır”, – deyə o qeyd edib.

Səxavət Məmməd sosial şəbəkələrdə “cahilliklə mübarizə” apardığını iddia edən şəxslərin fəaliyyətinə də münasibət bildirib. Onun sözlərinə görə, cəmiyyəti cahillikdə ittiham etmək asandır, lakin bunun əvəzinə hansı alternativin təklif edildiyi də izah olunmalıdır.

“Deyirsiniz ki, xalqımız cahil olmasın. Mən də bunu istəyirəm. Amma alternativ olaraq nə təklif edirsən? Ateizm? Kim deyib ki, cahil ateist olmur?” – deyə Səxavət Məmməd sual edib.

O, uşaqlıq illərində müxtəlif dini təbliğatlarla qarşılaşdığını da xatırladıb. Səxavət Məmməd qeyd edib ki, hələ 8-9 yaşlarında çadır şəhərciyinin yaxınlığında xarici missionerlərin uşaqlara dini məzmunlu kaset və kitablar payladığının şahidi olub.

Hərbi ekspert bildirib ki, həmin dövrdə Türkiyədən gələn insanların da dini dərslər keçdiyini xatırlayır. Onun sözlərinə görə, Azərbaycanın yaxın tarixində baş verən proseslərdən xəbərsiz olan şəxslərin bu gün həmin mövzular ətrafında cəmiyyətə dərs keçməsi ziddiyyətlidir.

Səxavət Məmməd sosial şəbəkələrdə şiə və sünni inanclı insanların təhqir olunmasına da etiraz edib.

“Kiminsə “şiəyəm” deməsinə görə dərhal “İran aftafası”, “Xomeyni küçüyü” kimi ifadələr işlətmək doğru deyil. Mənim babam, nənəm, onların da babaları namaz qılıb, oruc tutub. Mənim nəslimin qıldığı namazın İranla heç bir əlaqəsi olmayıb. Onlar namaz qılanda Xomeyninin “X”-sı da yox idi”, – deyə o bildirib.

O vurğulayıb ki, hər kəsin dini etiqadına hörmət edilməlidir və ümumi şəkildə bütöv bir inancı, yaxud həmin inanca mənsub insanları aşağılamaq qəbuledilməzdir.

Səxavət Məmməd Vətən müharibəsi zamanı şahidi olduğu hadisələrdən də danışıb. O bildirib ki, döyüşə hazırlaşan hərbçilər arasında həm sünni, həm də şiə inanclı şəxslər olub və onlar bir-birinin inancına hörmət edərək eyni sırada namaz qılıblar.

“Onların vicdan azadlığı mənim azadlığıma mane olurdu? Qətiyyən! Əksinə, müharibənin ortasında onların inancına sadiqliyi mənə xüsusi bir ruh verirdi”, – deyə hərbi ekspert qeyd edib.

O əlavə edib ki, kiminsə dini inancları yalnız həmin şəxs öz inancını başqalarına məcbur etməyə başladığı zaman problemə çevrilə bilər.

“Kiminsə vicdan azadlığı o zaman mənim azadlığıma mane olar ki, o mənim ömrümü “İslama gəl”, “Xristianlığa gəl” və ya “Ateist ol” deməklə zəbt etsin”, – deyə Səxavət Məmməd vurğulayıb.

O, həmçinin xarici müharibələrdə həlak olan Azərbaycan vətəndaşları ilə bağlı sualların araşdırılmasının vacibliyini vurğulayıb.

Səxavət Məmməd özünü millətçi və türkçü kimi təqdim edən bəzi şəxslərin “gen” üzərindən mübahisələr aparmasını da tənqid edib. Onun fikrincə, tarixə və cəmiyyətə münasibətdə əsas meyar insanları bölmək deyil, onları birləşdirən dəyərləri önə çıxarmaqdır.

Hərbi ekspert ateizmin özü ilə bağlı da problem görmədiyini bildirib.

“Kim deyir ateizm pis şeydir? Ol, mane olan var? Ancaq sənin ateist olmağın inancların aşağılanmasına, təhqir olunmasına bəhanə verə bilməz”, – deyə o bildirib.

Səxavət Məmməd qeyd edib ki, Azərbaycanın qanunvericiliyində vicdan azadlığı qorunur və dini, milli və irqi nifrətin qızışdırılması yolverilməzdir.

O, sosial şəbəkələrdə ateizmlə bağlı yayılan bəzi arqumentlərin də yeni olmadığını deyib. Səxavət Məmməd bildirib ki, həmin məsələlərlə bağlı fəlsəfi axtarışlara hələ məktəb və tələbəlik illərindən başladığını xatırlayır.

“Budur elm? Budur intellekt?” – deyə o, səthi arqumentlərlə dərin fəlsəfi məsələlərə yanaşılmasını tənqid edib.

Səxavət Məmməd İbn Sinanın fəlsəfi irsinə diqqət çəkərək “Burhan-i Siddiqin” konsepsiyasını nümunə göstərib və dini-fəlsəfi məsələlərin yalnız səthi arqumentlərlə qiymətləndirilməsinin doğru olmadığını bildirib.

Onun sözlərinə görə, cəmiyyəti cahillikdən uzaqlaşdırmaq istəyənlər ilk növbədə Azərbaycanın və Şərqin öz elmi-fəlsəfi irsinə müraciət etməlidirlər.

“Riçard Dokinsə, Kristofer Hitçensə nə gərək var? Elə Nəsimini, Nizamini, Füzulini, Tusini öyrədin. Kökü burada olan düşüncə insanı mənən böyüdər, xaricdən daşınan primitiv ritorika isə sadəcə cəmiyyəti bölər. Əsl intellektual cəmiyyəti söyən deyil, onu öz dəyərləri ilə ucaldan adamdır”, – deyə Səxavət Məmməd fikirlərini yekunlaşdırıb.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər