media-whatsapp-image-2026-09-07-at-11-05-33-2

İran ilə ABŞ arasındakı gərginlik Hörmüz boğazı və Körfəzdə yeni mərhələyə keçir.

ERAmedia xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi, general-mayor Möhsün Rzai Tehranın yaxın günlərdə Hörmüz boğazından kənarda yeni qadağan olunmuş zona elan etməyə hazırlaşdığını açıqlayıb.

İran televiziyasına danışan Rzai bildirib ki, yaradılacaq zona ABŞ Hərbi Dəniz Qüvvələrinin blokada xəttindən başlayaraq Körfəzin bəzi hissələrinə qədər uzanacaq.

Rzai İranın müəyyən edəcəyi yeni əraziyə daxil olan gəmilərə qarşı tətbiq olunacaq tədbiri də açıqlayıb.

O bildirib ki, bu əraziyə daxil olan hər bir gəmi İranın sanksiya siyahısına salınacaq. Rzai Tehranın Hörmüz ətrafında tətbiq etdiyi tədbirlərin getdikcə sərtləşdirildiyini vurğulayıb.

İranlı general Hörmüz boğazının hazırkı vəziyyəti ilə bağlı diqqətçəkən rəqəmlər də açıqlayıb.

Onun sözlərinə görə, boğaz tamamilə bağlıdır. Rzai ABŞ prezidenti Donald Trampın Hörmüz boğazının açıldığı barədə açıqlamasını “böyük yalan” adlandırıb.

Rzai bildirib ki, Hörmüz bağlanmazdan əvvəl boğazdan 100-dən çox gəmi keçərək 100 milyon tondan artıq yük daşıyırdı. Hazırda isə boğazdan yalnız 7-8 gəmi keçir. Onun sözlərinə görə, bu gəmilər İranın əsas tələbat məhsullarını daşıyır.

Rzai İran qüvvələrinin müxtəlif marşrutlardan istifadə edərək keçməyə çalışan ABŞ dəniz qüvvələrini izlədiyini bildirib və Hörmüzdə görülən tədbirlərin daha da gücləndirildiyini açıqlayıb.

İranlı general Tehranın Hörmüz boğazında tətbiq etdiyi sanksiyaların təsirinin “raketlərdən daha böyük olacağını” deyib.

Rzai İranın Hörmüz boğazının cənubundan keçən neft tankerlərini batırmaqla bağlı indiyədək hər hansı qərar qəbul etmədiyini də xüsusi olaraq qeyd edib.

Rzai açıqlamalarında Oman ilə aparılan təmaslara da xüsusi diqqət çəkib.

İranlı rəsmi bildirib ki, Hörmüz boğazına giriş-çıxışlar çərçivəsində İranın nəzarətində yeni beynəlxalq dəhlizin yaradılması ilə bağlı Oman Sultanlığı ilə razılığa gəliblər.

Rzai ABŞ təhdidlərdən və hücum variantından imtina etmədiyi müddətdə İranın Hörmüz boğazını yenidən açacağı ilə bağlı heç bir öhdəlik götürməyəcəyini bildirib.

Vaşinqtonla aparılan diplomatik təmaslara toxunan Rzai danışıqların qarşısındakı əsas problemin təminatların olmaması olduğunu deyib.

Onun sözlərinə görə, vasitəçilər əldə olunan razılaşmaların icra ediləcəyinə dair kifayət qədər zəmanət verə bilmirlər. Rzai danışıqların yenidən başlaması və növbəti mərhələyə keçilməsi üçün ABŞ-ın etimad yaratmalı olduğunu vurğulayıb.

Rzai Vaşinqtonun mövqeyini belə tənqid edib:

“Vaşinqton Tehranın yalnız baş əyib ABŞ-a tabe olduğu halda etibarlı olduğunu qəbul edir”.

İranlı rəsmi hərbi əməliyyatlarla bağlı da diqqətçəkən açıqlama verib.

Rzai bildirib ki, İran 48 saat əvvəl ilk dəfə ABŞ-a məxsus hərbi gəminin üzərindən gəmi əleyhinə raket sınağı keçirib. Onun sözlərinə görə, həmin raket Amerika qüvvələrini geri çəkilməyə məcbur edib.

İranlı təhlükəsizlik rəsmisi həmçinin İran qüvvələrinin İordaniya və Ərbildə yerləşən iki ABŞ bazasını ilk dəfə hədəfə aldığını açıqlayıb.

Rzai bildirib ki, ABŞ bu məntəqələri İranın zərbə imkanlarından kənarda hesab edirdi. Onun sözlərinə görə, İordaniyadakı ABŞ-a məxsus “Titen” bazasında hava hücumundan müdafiə sistemləri olmayıb.

Rzainin iddiasına görə, bu hücumlardan sonra Tramp 10 gün davam edəcək müharibəyə başlamaqla bağlı təhdidindən geri addım atıb.

Rzai ABŞ-ın iqtisadi blokada səbəbindən İranda qıtlıq yarandığı barədə açıqlamalarını da “böyük yalan” adlandırıb.

İran rəhbərliyinin ərzaq və əsas tələbat məhsullarının kifayət qədər ehtiyatını yaratmaq üçün əvvəlcədən tədbirlər gördüyünü bildirən Rzai ölkəsinin gündəlik 1-1,5 milyon barrel neft satdığını və satışlardan əldə olunan gəlirləri topladığını deyib.

Livan­dakı hadisələrə də toxunan Rzai İsrailin ölkənin bəzi ərazilərini işğal etməsinə baxmayaraq, Livanın yenidən ayağa qalxacağına inandığını bildirib.

O, müharibələrdə irəliləyiş və geri çəkilmələrin baş verə biləcəyini deyərək üstünlüyün yenidən “Hizbullah”ın əlinə keçəcəyi mesajını verib.

Vüsalə


media-adspc

Bənzər xəbərlər