Goranboydan Polşaya uzanan informasiya xətti: Məqsəd nədir?
Goranboyda sursat anbarında baş verən partlayışla bağlı rəsmi açıqlamalar verilsə də, Polşada fəaliyyət göstərən “Nexta” kanalı hadisəni dövlətlərarası münasibətlər kontekstində təqdim etməyə çalışıb və xarici amillərlə bağlı müxtəlif iddialar irəli sürüb.
ERAmedia xəbər verir ki, siyasi təhlilçi Asif Nərimanlı “Nexta”nın Goranboy hadisəsinə yanaşmasının təsadüfi olmadığını bildirib.
Onun sözlərinə görə, hadisənin kanalın diqqətinə düşməsi və sırf yerli hadisə kimi deyil, beynəlxalq münasibətlər fonunda təqdim edilməsi Azərbaycana qarşı aparılan daha geniş informasiya kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilə bilər.
Asif Nərimanlı qeyd edib ki, Media Agentliyinin “Nexta”nın iddialarını Azərbaycana qarşı vahid mərkəzdən idarə olunan hibrid informasiya kampaniyasının elementlərindən biri kimi qiymətləndirməsi müəyyən əsaslara söykənir.
“Qərb mediasında Azərbaycana qarşı davamlı informasiya kampaniyasının aparıldığını müşahidə edirik. CNN-nin İran müharibəsi kontekstində Azərbaycanı da prosesə daxil etməyə çalışan yanaşması, eləcə də “The Independent”, “The Guardian”, BBC və “Le Monde” kimi media qurumlarında Azərbaycana münasibətdə formalaşan müəyyən yanaşmalar bu mənzərənin ayrı-ayrı nümunələridir. “Nexta” isə bu sıraya qoşulan yeni informasiya resursu kimi görünür”, – deyə təhlilçi vurğulayıb.
Asif Nərimanlının sözlərinə görə, “Nexta”nın fəaliyyəti və Azərbaycana dair son yanaşmaları kanalın ənənəvi fəaliyyət coğrafiyası ilə də müəyyən ziddiyyət təşkil edir.
“Nexta” 2015-ci ildə belaruslu bloger Stepan Putila tərəfindən yaradılıb. Kanal ilkin mərhələdə “YouTube”da əsasən musiqi və satirik videolar yayımlayıb. Belarusda 2015-ci il seçkilərindən sonra Stepan Putila Polşaya köçüb və fəaliyyətini burada davam etdirib. 2018-ci ildə “Telegram” platformasına keçən “Nexta” siyasi informasiyaların yayımına başlayıb.
Təhlilçi hesab edir ki, əsas fəaliyyət istiqaməti Belarus olan bir resursun Azərbaycanla bağlı mövzulara xüsusi diqqət ayırması müəyyən siyasi-informasiya kontekstində nəzərdən keçirilməlidir.
“Burada diqqət çəkən məqam “Nexta”nın Azərbaycanla bağlı iddialarının ortaya çıxması ilə yanaşı, son dövrdə Polşanın da Azərbaycan əleyhinə informasiya kampaniyalarında daha çox görünməsidir. “Nexta”dan əvvəl TVP telekanalının yaydığı iddialar da bu tendensiyanı ön plana çıxarmışdı”, – Asif Nərimanlı deyib.
Onun fikrincə, məsələni yalnız Bakı-Varşava münasibətlərindəki mümkün problemlərlə izah etmək doğru olmaz.
“Burada Polşanın post-sovet məkanında gedən proseslər üçün informasiya və siyasi platforma rolunda çıxış etməsi amili də nəzərə alınmalıdır. Polşanın bu funksiyası yeni deyil. Ötən əsrin əvvəllərində, 1918-1939-cu illərdə bu ölkə SSRİ-ni daxildən parçalamağa hesablanmış, mühacir qüvvələrin cəlb olunduğu məxfi “Prometey” strategiyası üçün əsas məkanlardan biri idi. Həmin strategiya öz məqsədinə çatmasa da, Polşanın Qərbin Şərqə doğru siyasi və informasiya ekspedisiyalarında platforma rolunu göstərdi”, – deyə siyasi təhlilçi bildirib.
Asif Nərimanlı əlavə edib ki, SSRİ-nin dağılmasından sonra da Polşadan post-sovet məkanında liberal dəyərlərin təşviqi və informasiya axınlarının təşkilində platforma kimi istifadə olunub.
“Son dövrdə Azərbaycanın hədəfə alındığı informasiya kampaniyalarında Polşanın daha çox önə çıxmasını Cənubi Qafqazdakı siyasi proseslərdən də ayrı nəzərdən keçirmək olmaz. Uzun müddət regionla bağlı informasiya siyasətinin əsas platformalarından biri Gürcüstan idi. Lakin Gürcüstan hakimiyyətinin milli təhlükəsizlik məsələlərinə daha həssas yanaşması və bu istiqamətdə həyata keçirdiyi siyasət həmin ölkənin platforma kimi istifadəsi imkanlarını müəyyən qədər məhdudlaşdırıb”, – Asif Nərimanlı qeyd edib.
Təhlilçinin fikrincə, bu fonda Polşanın Cənubi Qafqaz və ümumilikdə post-sovet məkanı ilə bağlı informasiya proseslərində daha aktiv platformaya çevrilməsi diqqət çəkir.
“Bu baxımdan Goranboydakı hadisənin “Nexta” tərəfindən Azərbaycanla digər dövlətlər arasındakı münasibətlər kontekstinə çəkilməsi təkcə konkret bir media resursunun yanaşması kimi deyil, daha geniş informasiya-siyasi prosesin bir elementi kimi təhlil oluna bilər”, – deyə Asif Nərimanlı bildirib.
Vural









