media-whatsapp-image-2026-09-07-at-11-05-32-2

media-media-ac30db9e-862e-47e8-afd1-80c01bae34d2-hsm6jw

Rəsul Mirhəşimli

Məktəb bağlanan kimi kəndə gedirdik. Mənim beş yaşım olanda kənddən köçmüşdük, amma kənddəki evimiz qalırdı. Ona görə də yay gələndə sanki şəhərdən kəndə yox, öz keçmişimizə qayıdırdıq.
Nənəm bizdən təxminən bir ay əvvəl köçürdü kəndə. Biz gedəndə kənd tamam başqa cür canlanırdı. Uşaqlar bir-birini görən kimi kəndin aralığına tökülür, səhərdən axşama kimi özümüzə yeni əyləncələr tapardıq.
Kənddə uşağın əylənməsi üçün çox şey lazım deyildi. Bir top, meşədən ağacın dibindən qaynayan bir bulaq, bir də qonşunun həyətində baş verən qəribə hadisə kifayət edirdi.
Bizim kənddə belə hadisələr də az olmurdu.
Ən çox danışdığımız əhvalatlardan biri rəhmətlik Hüsü dayının eşşəyi ilə bağlı idi. Hüsü dayı mənim çox gənc ikən dünyasını dəyişmiş bibimin həyat yoldaşı idi.
Hüsü dayı kənddə daimi yaşayan sakinlərdən idi. Biz yayda gedirdik, o isə yay-qış kənddə olurdu. Bir yandan da duzlu-məzəli zarafatları ilə bütün kəndi başına toplamağı bacarırdı. Kənddə ondan kiməsə ziyan gəldiyini görən olmamışdı. Başına gələn hadisələr də qeyri-adi və çox gülməli hadisələr olurdu. Bir yandan da bu hadisələri bəzəyib-düzəyib danışmağı vardı.
Hüsü dayı qonşu kəndlərin birindən bir eşşək almışdı. Dəqiq xatırlamıram, hansısa hadisədən sonra eşşəyin bir gözü kor olmuşdu. Elə bu səbəbdən də bir gün Hüsü dayı həmin eşşəyi satmaq qərarına gəlmişdi.
Qonşu kənddən bir kişi eşşəyə müştəri çıxdı. Heyvanın o yan-bu yanına keçib, onu maşın alan müştəri “peşəkarlığı” ilə yoxladı. Dişlərinə, ayaqlarına baxdı, belinə əl gəzdirdi. Birdən müştərinin gözü heyvanın görməyən gözünə sataşdı.
Bir az baxdı.
Sonra Hüsü dayıya tərəf çönüb:
– Bunun bir gözü kordu.
Hüsü dayı heç tələsmədən cavab verdi:
– Yox e, kor dəyil.
Kişi yenidən eşşəyin gözünə baxdı.
– Kordu axı.
– Saa həylə gəlir.
– Əşi, maa niyə həylə gəlsin ki? Gözünün biri görmür.
Hüsü dayı bir eşşəyə baxdı, bir kişiyə baxdı.
– Mən bu heyvanı neçə ildi saxlayıram. Səndən yaxşı bilirəm görür, ya görmür.
Kişi də deyəsən, məsələni uzatmaq istəmirdi.
– Yaxşı, onda niyə gözünü qırpmır?
Hüsü dayı bir müddət susdu. Sonra elə bir üz ifadəsi aldı ki, adam elə bilərdi, qarşısındakı çox sadə bir məsələni başa düşmür.
– Sən heyvanın gözünə baxıb qərar verirsən. Mən isə onun hərəkətinə baxıram.
Bu söz kişini bir az düşündürdü.
Amma yenə də eşşəyi almaq fikrindən daşındı.
-Yox, Hüsü. Mən bunu almaram.
Hüsü dayı isə geri çəkilmədi.
– Niyə?
– Kor eşşəyi neynirəm?
– Mən də saa deyirəm, kor dəyil.
– Bəs bunu necə sübut edeysən?
Hüsü dayı bu sualı gözləyirmiş kimi cibinə əl atdı.
Kibrit çıxardı.
Biz uşaqlar da yaxınlıqda dayanıb maraqla baxırdıq. Hadisənin ən gülməli anının çatdığını hiss etmişdik.
Hüsü dayı kibritdən birini çıxarıb yandırdı.
Alovu eşşəyin gözünə yaxınlaşdırdı.
Eşşək gözünü qırpdı.
Hüsü dayı dərhal kişiyə çevrilib dedi:
– Gördün?!
Kişi bir söz demədi.
Hüsü dayı daha da həvəsləndi:
– Gördün da! Kor heyvan gözünü qırpar?
Kişi yenə eşşəyə baxdı.
Hüsü dayı isə artıq özünü tam haqlı sayırdı.
– Mən saa demədim? Bunun gözü sağlamdır. Sən heyvanı boş yerə kor çıxartdın.
Kişi bir az fikirləşdi.
Sonra cibindən çıxardığı pulunu sayıb, Hüsü dayıya uzatdı.
Biz uşaqların isə ağlına bir sual gəlmişdi: Əgər eşşəyin gözü kor deyildisə, onda kənddə hamı niyə onun kor olduğunu deyirdi?
Amma bunu heç kəs Hüsü dayıdan soruşub, məzəli hadisənin dadını qaçırmaq istəmirdi.
Əhvalatın ən gülməli tərəfi də bundan sonra başladı.
Kişi eşşəyi aparandan bir neçə gün sonra kənddə söz yayıldı ki, heyvanın bir gözü doğrudan da görmür.
Biz uşaqlar Hüsü dayının yanına qaçdıq.
-Hüsü dayı, sən demişdin gözü görür.
Hüsü dayı sakitcə dedi:
– Görür da.
– Bəs onda niyə o biri göz kimi deyil?
– Sən həkimsən?
– Yox.
– Mən də dəyiləm. Amma heyvanın gözünü qırpdığını özün gördün.
Bu cavabdan sonra Hüsü dayının yanından çıxıb bir-birimizə baxdıq.
Hərəmizdə bir fikir vardı, amma heç birimiz demirdik.
Axırda uşaqlardan biri dedi:
– Deməli, heyvan gözünü qırpırsa, görür.
Biz güldük.
O biri dedi:
– Onda mən də gözümü yumub-açım, deyim gözlərim çox yaxşı görür.
Bir az da güldük.
Həmin gündən sonra kənddə Hüsü dayının adı çəkiləndə söhbət mütləq o eşşəyin üstünə gəlirdi.
Bir dəfə böyüklərdən biri Hüsü dayıya dedi:
– Ay Hüsü, sən o kor eşşəyi nə təhər satdın?
Hüsü dayı heç tövrünü pozmadan cavab verdi:
– Kor dəyildi.
– Bəs?
– Gözünü qırpırdı.
Bu dəfə böyüklər də gülməyə başladılar.
Hüsü dayı gözəl anlayırdı ki, hamı nəyə gülür, sadəcə adamların dediyini vecinə almırdı.
Əslində, kənddə belə adamlar olurdu. Onların öz aləmi, öz məntiqi vardı. Sən nə qədər sübut gətirsən də, onlar bir cümlə ilə söhbəti başqa yerə aparırdılar.
Hüsü dayı da öz üsulunu tapmışdı.
Eşşəyin bir gözü kor idi.
Amma Hüsü dayı bunu bir kibritlə həll etmişdi.
Eşşək gözünü qırpmışdı.
Deməli, görürdü.
Məsələ bağlanmışdı.
İllər keçdi.
Kənd dəyişdi, insanlar dəyişdi. Biz böyüdük. Uşaqlıqda bizə böyük görünən məhəllələr balacalaşdı. Həyətdə saatlarla oynadığımız yerlər sonralar tamam başqa cür görünürdü.
Amma Hüsü dayının o eşşəyi yaddaşımızdan çıxmadı.
Nə vaxt kənd haqqında söhbət düşsə, kimsə deyirdi:
– Yadınızdadı, Hüsü dayının kor eşşəyi?
Sonra biri mütləq Hüsü dayının səsini yamsılayırdı:
– Gördün? Kor eşşək heç gözünü qırpar?
Və hamımız yenə gülürdük.
İndi fikirləşirəm ki, bəlkə də uşaqlıq xatirələrinin ən gözəl tərəfi budur. O vaxt baş verən hadisənin nə qədər ciddi, nə qədər gülməli olduğunu ayırd etmirdik. Sadəcə yaşayırdıq.
Bir eşşəyin bir gözünün kor olması da bizim üçün böyük hadisə idi.
Hüsü dayının onu satması isə lap böyük hadisəydi.
Kibriti yandırıb gözünün qabağında yellətməsi isə artıq kənd tarixinin bir səhifəsi idi.
Ən maraqlısı da odur ki, o eşşəyin gözünün kor olub-olmadığını bu gün də hadisəyə şahid olan hər kəs gözəl xatırlayır.
Bir də hamımız Hüsü dayının son sözünü dəqiq xatırlayırıq:
– Kor eşşək heç gözünü qırmar?
Deyəsən, kənddə bəzi həqiqətlər belə yoxlanılırdı.
Bir kibrit yandırılırdı.
Eşşək gözünü qırpırdı.
Və hamı rahatca evinə gedirdi.


media-adspc

Bənzər xəbərlər