Çərkəzlərin qanlı sürgünü: 160 ildən sonra unudulmayan faciə
Qafqaz tarixində Rusiya imperiyasının işğal siyasəti nəticəsində böyük insan itkiləri və kütləvi köçlərə məruz qalan xalqlardan biri də çərkəzlərdir.
Tarix elmləri üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında bildirib ki, çərkəzlərin başına gətirilən faciə həm qurbanların sayı, həm də onların doğma yurdlarının demoqrafik strukturunun köklü şəkildə dəyişdirilməsi baxımından Qafqaz tarixinin ən ağır səhifələrindən biridir.
Onun sözlərinə görə, Azərbaycan mediasında çərkəzlərin faciəsinə müəyyən qədər toxunulsa da, bu mövzu Azərbaycan televiziya kanallarında kifayət qədər geniş şəkildə işıqlandırılmayıb.
“Çərkəzlərin faciəsinin miqyasını anlamaq üçün dövrün hərbi və diplomatik sənədlərinə, eləcə də hadisələrin şahidlərinin xatirələrinə müraciət etmək vacibdir. Rusiya imperiyasının Qafqazdakı hərbi əməliyyatları zamanı dinc əhalinin kütləvi şəkildə yurdlarından çıxarılması, yaşayış məntəqələrinin dağıdılması və əhalinin ağır şəraitdə köçürülməsi barədə çoxsaylı məlumatlar mövcuddur”, – deyə Zaur Əliyev qeyd edib.
O bildirib ki, 21 may 1864-cü il çərkəzlərin tarixində xüsusi əhəmiyyət daşıyan tarixlərdən biridir. Həmin gün Qafqaz müharibələrinin başa çatması ilə bağlı mərasim keçirilib və bundan sonra çərkəz əhalisinin böyük hissəsinin doğma torpaqlarından çıxarılması prosesi daha da sürətlənib.
“Çərkəzlər Qara dəniz sahillərinə doğru sürgün edilir, oradan isə əsasən Osmanlı imperiyasının ərazilərinə göndərilirdilər. Köç zamanı aclıq, xəstəlik, soyuq hava və ağır yaşayış şəraiti səbəbindən çoxlu sayda insan həyatını itirib. Dəniz yolu ilə aparılanların da böyük itkilər verdiyi barədə dövrün diplomatik və konsulluq hesabatlarında məlumatlar var”, – tarixçi alim vurğulayıb.
Zaur Əliyevin sözlərinə görə, Rusiya hərbi komandanlığının həyata keçirdiyi əməliyyatlar zamanı çərkəz kəndlərinin dağıdılması və yandırılması barədə də tarixi mənbələrdə məlumatlar yer alır.
“General Qriqori Zass və digər rus hərbçilərinin çərkəzlərə qarşı həyata keçirdiyi hərbi əməliyyatlarla bağlı çoxsaylı xatirələr və tədqiqatlar mövcuddur. Bu mənbələrdə öldürülən insanların cəsədlərinin təhqir edilməsi, insan qalıqlarının nümayiş etdirilməsi və elmi məqsədlər adı altında Avropaya göndərilməsi ilə bağlı iddialar da yer alır. Bu məlumatların hər birinin ilkin mənbələr əsasında ayrıca araşdırılması mühüm məsələdir”, – deyə o bildirib.
Alim qeyd edib ki, çərkəzlərin sürgünü ilə bağlı Avropa diplomatlarının hesabatları da hadisələrin miqyasını göstərən mühüm mənbələr sırasındadır.
“Osmanlı imperiyasına çatan çərkəz qaçqınlarının vəziyyəti son dərəcə ağır idi. Xəstəliklər, aclıq və yaşayış şəraitinin çətinliyi nəticəsində çoxlu insan həyatını itirdi. Bu proses təkcə hərbi məğlubiyyət və köç məsələsi kimi deyil, bütöv bir xalqın demoqrafik və sosial quruluşuna təsir edən böyük humanitar faciə kimi qiymətləndirilməlidir”, – Zaur Əliyev deyib.
O əlavə edib ki, çərkəzlərin faciəsinin Azərbaycan xalqının yaşadığı tarixi hadisələrlə müqayisəsi də xüsusi diqqət tələb edir.
“Qafqaz xalqlarının müxtəlif dövrlərdə məcburi köçürülməsi, etnik təmizləmə və kütləvi zorakılıqla üzləşməsi regionun tarixində dərin izlər buraxıb. Azərbaycan xalqının 1905-1906 və 1918-ci illərdə yaşadığı faciələr, sonrakı deportasiyalar, Xocalı faciəsi və Qaradağlı hadisələri də milli yaddaşımızda ağır iz buraxıb. 1988-ci ildən başlayaraq azərbaycanlıların indiki Ermənistan ərazisindən kütləvi şəkildə qovulması da bu tarixi prosesin mühüm səhifələrindəndir”, – deyə tarixçi bildirib.
Zaur Əliyev vurğulayıb ki, tarixə yanaşarkən müxtəlif xalqların faciələrinə ayrı-seçkilik qoyulmamalı, kütləvi zorakılıq və deportasiyaların bütün qurbanlarının xatirəsinə hörmətlə yanaşılmalıdır.
“Çərkəzlərin faciəsi unudulmamalıdır. Bu hadisələr Qafqaz xalqlarının kollektiv yaddaşının bir hissəsidir. Tarixi öyrənmək həm də gələcəkdə belə faciələrin təkrarlanmaması üçün vacibdir”, – deyə o əlavə edib.
Alim, həmçinin müasir dövrdə regionda və dünyada baş verən müharibələrin Qafqaz xalqlarının tarixindən çıxarılmalı dərsləri yenidən gündəmə gətirdiyini bildirib.
“Tarixi hadisələrə siyasi simpatiyadan deyil, faktlardan və sənədlərdən çıxış edərək yanaşmaq lazımdır. Hansı dövlətdən və hansı dövrdən söhbət getməsindən asılı olmayaraq, mülki əhalinin öldürülməsi, zorla köçürülməsi və bütöv icmaların öz torpaqlarından çıxarılması qəbuledilməzdir”, – Zaur Əliyev qeyd edib.
Vüsalə









