Avropa çempionatında minimum hədəfimiz finala yüksəlmək idi – Vüsal İsayev
Yarışa son dünya çempionu kimi qatılırdıq və bu səbəbdən məsuliyyətimiz böyük idi.
ERAmedia xəbər verir ki, bu sözləri Slovakiyada təşkil olunan minifutbol üzrə Avropa çempionatının qalibi – Azərbaycan millisinin üzvü Vüsal İsayev Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma zamanı jurnalistlərə açıqlamasında deyib.
O, qrup mərhələsindən sonra güclü rəqiblərlə qarşılaşdıqlarını vurğulayıb: “Qrupdan çıxdıqdan sonra turnir cədvəlində dünya və Avropa çempionlarının yer aldığı çox güclü tərəfə düşmüşdük. Yarımfinalda son Avropa çempionu ilə qarşılaşdıq. Buna baxmayaraq, qarşımıza finala yüksəlmək məqsədi qoyulmuşdu. Biz yarışa son dünya çempionu kimi qatılırdıq və məsuliyyətimiz böyük idi. Federasiya tərəfindən hazırlıq üçün bütün şərait yaradılmışdı. Həm Bakıda, həm də Monteneqroda təlim-məşq toplanışları keçmişdik. Turnirə çox yaxşı hazırlaşmışdıq. Minimum hədəfimiz finala yüksəlmək idi. Şükürlər olsun ki, sonda çempionluq da qazanmaq nəsib oldu”.
Milli üzvü çempionat ərzində ən çətin oyunun Serbiya yığmasına qarşı keçirildiyini qeyd edərək deyib: “Serbiya ilə qarşılaşma bizim üçün ən çətin oyun oldu. Rəqib fiziki cəhətdən çox güclü idi. Həmin komandanın oyunçuları uzun illərdir birlikdə çıxış edirlər və bizi də yaxşı təhlil etmişdilər. Bu səbəbdən öz oyun üslubumuzu tam şəkildə nümayiş etdirə bilmədik və meydanda çox əziyyət çəkdik. Lakin penaltilər seriyasında qələbə qazanaraq növbəti mərhələyə yüksəldik”.
Xatırladaq ki, komandamız qitə çempionluğu uğrunda görüşdə Ukrayna seçməsini sınağa çəkib. Rəqibini 2:0 hesabı ilə məğlub edən Azərbaycan millisi Avropa çempionu olub.
Yığmamız 2022-ci ildə də qitənin ən güclüsü olmuşdu.









