Bazar kapitalı 4 trilyon olan şirkətdə kadr dəyişikliyi
“Apple” Tim Kukun 2026-cı il sentyabrın 1-də baş direktor vəzifəsindən istefa verərək idarə heyətinin icraçı sədri olacağını açıqlayıb.
Xatırladaq ki, 2011-ci ildə Stiv Cobsun yerinə keçən Kukun rəhbərliyi altında Apple-ın bazar kapitallaşması 350 milyard dollardan 4 trilyon dollara yüksəlib. 14 ildir baş direktor vəzifəsində olan 65 yaşlı Tim Kuk idarə heyətinin icraçı sədri olaraq işini davam etdirəcək. O, şirkətin əməliyyatlarının bir neçə aspektində, o cümlədən dünyanın hər yerindəki dövlət qurumları ilə qarşılıqlı əlaqələrdə iştirak edəcək.
ERAmedia xəbər verir ki, Apple, həmçinin aparat mühəndisliyi üzrə baş vitse-prezidenti Con Ternusun sentyabrın 1-dən yeni baş direktor olaraq vəzifəsinin icrasına başlayacağını açıqlayıb.
Şirkət qeyd edir ki, kadr dəyişiklikləri direktorlar şurası tərəfindən təsdiqlənmiş uzunmüddətli və düşünülmüş varislik planlaşdırma prosesinin nəticəsidir. Hazırkı idarə heyətinin sədri Artur Levinson aparıcı müstəqil direktor vəzifəsinə keçəcək.
Kuk, “Apple” şirkətinin baş direktoru vəzifəsində çalışmağını həyatının “ən böyük imtiyazı” adlandırıb, komandası və şirkətin texnologiyaya verdiyi töhfələrlə qürur duyduğunu bildirib.










