media-139d5b09-abcd-4437-a4a0-33d867dbd514
Azərbaycan biznes mühitində müşahidə etdiyim təkrarlanan bir nümunə var: sahibkar bir sahədə uğur qazanan kimi kapitalını və diqqətini tamam fərqli, əlaqəsiz sahələrə yönəldir. Məsələn, Ərzaqda olan əlaqəsi olmayan tikinti biznesinə, İT sahədə olan geyimə və s. çoxlu nümünələr verə bilərəm ki, uğursuzluqla nəticələnib. Bunu mən hər gün demək olar ki, ünsiyyətdə olduğum sahibkarldan görürəm. İri korporasiyalarda bu, portfel strategiyası kimi işləyə bilər, amma KOB və mikro biznes səviyyəsində nəticə çox vaxt əksinədir.
Harvard Business Review-un 2024-cü il sentyabr-oktyabr sayında dərc olunan məqalə isə məsələnin kökünü daha dəqiq izah edir: çoxsahəli müəssisələrin əksəriyyəti strategiya qurarkən portfelin *tərkibinə* həddən artıq, öz bizneslərinin *dəyər yaratma qabiliyyətinə* isə kifayət qədər diqqət yetirmir. Nəticədə idarəetmə strukturu genişlənən sahə sayına uyğunlaşmır, qərarvermə proseslərinə nəzarət zəifləyir.
1997-ci ildə HBR-də çıxan başqa bir təhlil bunu konkret nümunələrlə göstərir: Quaker Oats-ın Snapple almasından uğursuz çıxışı və RCA-nın kompyuter, xalça və avtomobil icarəsi kimi əlaqəsiz sahələrə girişi — hər ikisi əsas bizneslə heç bir sinergiyası olmayan investisiyaların necə dəyər dağıtdığının klassik nümunələridir.
KOB və mikro biznes üçün bu risk daha kəskindir, çünki bu miqyasda strategiya adətən bir neçə açar şəxsin — çox vaxt yalnız sahibkarın özünün — zehni tutumuna və vaxtına bağlıdır. İri korporasiyada diversifikasiyanı idarə edən ayrıca menecment qatları, maliyyə nəzarəti sistemləri və məlumat infrastrukturu mövcuddur; kiçik bizneslərdə isə bu infrastruktur yoxdur, ona görə diqqətin bölünməsi birbaşa əsas bizneste nəzarətin boşalması ilə nəticələnir.
Bəxtiyar BƏXTİYAROV,
İdarəetmə və biznes üzrə təlimçi-konsultant

media-adspc

Bənzər xəbərlər