İranın AzTV-yə qarşı qərəzli qərarı sərt tənqid edildi
İranın Kəşfiyyat Nazirliyinin AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi fonunda Azərbaycanın atdığı cavab addımları ilə bağlı yeni qiymətləndirmələr səslənib.
ERAmedia-nın məlumatına görə, siyasi təhlilçi Asif Nərimanlı bildirib ki, buna cavab olaraq “Səhər” telekanalı və “Mehr” agentliyinin Azərbaycan ərazisində fəaliyyətinin qanunsuz elan edilməsi adekvat addımdır.
Onun sözlərinə görə, məntiq etibarilə Tehran geri çəkilməli və Azərbaycanın dövlət televiziyası ilə bağlı qəbul etdiyi yanlış qərarı düzəltməlidir. Təhlilçi hesab edir ki, müharibənin davam etdiyi mövcud şəraitdə yeni gərginliyin yaranması İranın maraqlarına uyğun görünmür.
Bununla belə, Asif Nərimanlı belə bir addımın atılacağı ehtimalını zəif qiymətləndirir. O, istisna etmir ki, AzTV ilə bağlı qərar Azərbaycanla informasiya müstəvisində yeni qarşıdurmanın başlanmasına hesablanıb. Təhlilçinin fikrincə, İranda Bakı ilə münasibətlərdə gərginliyin artmasında maraqlı olan müəyyən qrupların bu prosesdə rol oynaması da mümkündür.
Asif Nərimanlı diqqətə çatdırıb ki, Medianın İnkişafı Agentliyinin Azərbaycanda fəaliyyət göstərən bütün media subyektlərini və jurnalistləri “Səhər” telekanalı, “Mehr” agentliyi və onların əlaqəli nümayəndələri ilə əməkdaşlıqdan çəkinməyə çağırması düzgün addımdır.
O vurğulayıb ki, bu çağırış ekspertləri də əhatə etməlidir. Təhlilçinin sözlərinə görə, xüsusilə “Səhər” telekanalı azərbaycanlı ekspertlərdən və şərhçilərdən müsahibələr almağa çalışır, daha sonra həmin açıqlamalardan İranın təbliğat məqsədləri üçün istifadə edir. O qeyd edib ki, indiyədək bu kanala müsahibə verənlər arasında deputatlar da olub və “Səhər” telekanalının fəaliyyəti ilə bağlı qərarın daha əvvəl qəbul edilməsi məqsədəuyğun olardı.









