media-7b7376ba-5db4-4a05-91e5-b4c7c45eb8be

Politoloq İranın son dövrdə Azərbaycana qarşı atdığı addımları informasiya müharibəsinin yeni mərhələsi kimi qiymətləndirib.

ERAmedia-nın məlumatına görə, politoloq Əziz Əlibəyli bildirib ki, İran Azərbaycana qarşı münasibətlərini növbəti mərhələyə daşıyaraq faktiki olaraq ölkəmizə informasiya müharibəsi elan edib. Onun sözlərinə görə, bu proses Tehranın Azərbaycanla bağlı müəyyən planlarının mövcudluğunu göstərir və həmin niyyətləri pərdələmək üçün “Güney Azərbaycan” anlayışından bəhanə kimi istifadə olunur.

Politoloq qeyd edib ki, İran tərəfi AzTV-ni və digər televiziya kanallarını efirdə “Güney Azərbaycan” ifadəsinin işlədilməsinə görə ittiham edir. Halbuki Azərbaycan heç bir halda İranın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirmir. Ə.Əlibəylinin fikrincə, Azərbaycanın Güney Azərbaycan haqqında danışması ölkənin konstitusiya hüququdur və dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların hüquq və azadlıqlarının müdafiəsi, milli kimliklərinin qorunması dövlətin təbii mövqeyidir.

O vurğulayıb ki, Azərbaycan indiyədək İranın suverenliyinə və ərazi bütövlüyünə hər zaman hörmətlə yanaşıb. Bununla belə, İran Qarabağ müharibəsi dövründə Ermənistana açıq dəstək verib, Azərbaycanın torpaqlarının işğalı və dağıdılması prosesində dolayısı ilə iştirak edib. Politoloqun sözlərinə görə, həmin illərdə məcburi köçkün düşərgələrinə “humanitar yardım” adı altında gələn bəzi İran qurumları insanların ağır sosial vəziyyətindən istifadə edərək dini ideologiya təbliğ etməyə çalışıblar.

Əziz Əlibəyli hesab edir ki, İran ABŞ və İsraillə yaşadığı gərginlik fonunda münaqişənin coğrafiyasını genişləndirmək niyyətindədir. Onun fikrincə, Tehran bölgədə müharibəyə cəlb olunmamış ölkə saxlamamaq prinsipi ilə yeni gərginlik ocaqları yaratmağa, bununla da Vaşinqton və Təl-Əvivə təzyiq göstərməyə çalışır.

Politoloq diqqətə çatdırıb ki, Azərbaycan rəsmi şəkildə İranın ərazi bütövlüyünü tanıdığını bəyan etdiyi halda, İran rəsmiləri və SEPAH-a bağlı dairələr ölkəməyə “Aran Respublikası” və ya “Bakı Cümhuriyyəti” kimi ifadələrlə müraciət edirlər. Onun sözlərinə görə, bu cür ritorika Azərbaycanın suverenliyinə açıq hörmətsizlikdir və ölkənin digər tarixi torpaqlarının tanınmaması anlamına gəlir.

Ə.Əlibəyli xatırladıb ki, hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən də İran beynəlxalq səviyyədə “Azərbaycan” adına qarşı kampaniya aparırdı. O bildirib ki, tarix göstərir ki, son min ildə İran adlanan coğrafiyanın idarə olunmasında Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar və Qacarlar kimi Azərbaycan mənşəli sülalələrin mühüm rolu olub.

Politoloqun sözlərinə görə, İran Azərbaycan Respublikasını rusların, ateistlərin və ya sionistlərin yaratdığı “süni dövlət” kimi təqdim etməyə çalışır. Lakin o hesab edir ki, İranın öz dövlətçilik modeli və etnik tərkibi bu iddiaların əsassız olduğunu göstərir.

Əziz Əlibəyli vurğulayıb ki, Azərbaycan harada yaşamasından asılı olmayaraq bütün soydaşlarının – istər İranda, istər İsraildə, istərsə də Ermənistanda yaşayan azərbaycanlıların hüquqlarını müdafiə etmək məsuliyyəti daşıyır. Onun fikrincə, Tehran Azərbaycanı ittiham etməzdən əvvəl öz tarixinə nəzər salmalıdır, çünki həmin tarixdə azərbaycanlıların silinməz izi var.

Politoloq əlavə edib ki, Güney Azərbaycan mövzusu Azərbaycan ədəbiyyatında xüsusi yer tutur və bu irsi görməzdən gəlmək mümkün deyil. O qeyd edib ki, Bəxtiyar Vahabzadə, Səməd Behrəngi, Məhəmmədhüseyn Şəhriyar, Məmməd Araz və Söhrab Tahir kimi görkəmli söz adamlarının yaradıcılığını bu mövzudan ayırmaq mümkün deyil.

Sonda Əziz Əlibəyli bildirib ki, İranın Azərbaycana qarşı təzyiq siyasətinin əsas geosiyasi məqsədi sıxışdırıldığı Qafqaza yenidən qayıtmaqdır. Onun qənaətincə, Tehran Xəzər dənizini hərbi risk zonasına çevirməyə çalışdığı kimi, münaqişəni Cənubi Qafqaza da daşımaq, Azərbaycana ideoloji, dini və mənəvi təzyiq göstərmək niyyətindədir. Politoloq vurğulayıb ki, Azərbaycan Respublikası strateji mövqeyi, müstəqil xarici siyasəti və son hərbi-siyasi uğurları ilə regionun əsas güc mərkəzlərindən biridir və İranın bu siyasəti nəticə etibarilə ən çox elə Tehranın özü üçün təhlükə yarada bilər. Onun sözlərinə görə, İranda yaşayan milyonlarla azərbaycanlı da Azərbaycanın haqlı mövqeyini dəstəkləyən mühüm amillərdən biridir.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər