Sosial güzəştlərin müddəti uzadıldı: Yeni qaydalar qüvvəyə mindi
Azərbaycan Prezidenti İlham Əliyev “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Qanuna dəyişiklikləri təsdiqləyib.
ERAmedia-nın məlumatına görə, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, yeni dəyişikliklər azad olunmuş ərazilərə köçürülən keçmiş məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsinə və onların doğma yurdlarına qayıdış prosesinin daha dayanıqlı şəkildə həyata keçirilməsinə xidmət edir.
Deputatın sözlərinə görə, qanuna əsasən, azad olunmuş ərazilərə köçürülən, dövlət tərəfindən yaşayış sahəsi ilə təmin edilən və ya təklif olunan mənzildən imtina edən keçmiş məcburi köçkünlər dövlət tərəfindən mənzillə təmin olunduqdan sonra da 3 il müddətində mövcud sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.
Vüqar Bayramov qeyd edib ki, hazırda keçmiş məcburi köçkünlər üçün tətbiq edilən bütün güzəştlər həmin müddət ərzində qüvvədə qalacaq. Onun sözlərinə görə, Nazirlər Kabinetinin qaydalarına əsasən, məcburi köçkün statusu və müavinət almaq hüququ olan ailənin hər bir üzvü üçün aylıq 60 manat məbləğində ödəniş həyata keçirilir. Bununla yanaşı, keçmiş məcburi köçkün ailələrinin övladları dövlət universitetlərinə ödənişli əsaslarla qəbul olunduqda onların təhsil haqları dövlət tərəfindən ödənilir, eləcə də bir sıra dövlət rüsumları üzrə güzəştlər tətbiq edilir.
Deputat vurğulayıb ki, yeni dəyişikliklər bu sosial dəstək mexanizmlərinin mənzillə təmin olunduqdan sonra da üç il ərzində davam etməsini nəzərdə tutur. O əlavə edib ki, əgər keçmiş məcburi köçkün ailəsinin övladı universitetə qəbul olunarkən güzəşt hüququna malikdirsə, onun təhsil müddəti üç ildən artıq olsa belə, həmin hüquq bütün təhsil dövrü ərzində qüvvədə qalacaq.
Vüqar Bayramov bildirib ki, qanuna əsasən, işğaldan azad edilmiş ərazilərdə Daimi Məskunlaşdırma Fondunun yaradılmasına başlanılır. Onun sözlərinə görə, fond həmin ərazilərdə mülkiyyətlə təmin olunan vətəndaşların mülkiyyət hüquqlarının tanınmasını və onlara Dövlət Reyestrindən çıxarışların verilməsini təmin edəcək. Deputat qeyd edib ki, əvvəlki dövrlərdə dövlət tərəfindən verilən mənzillərə çıxarış təqdim edilmədiyi halda, yeni qanunla mənzillə təmin olunan keçmiş məcburi köçkünlər çıxarışla da təmin ediləcəklər. Bu isə onların mülkiyyət hüququnun tam şəkildə tanınmasına imkan yaradacaq.
Deputatın sözlərinə görə, fərmana əsasən, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqənin verilməsi qaydalarının təkmilləşdirilməsi ilə bağlı üç ay müddətində zəruri tədbirlər görərək Prezidentə məlumat təqdim etməlidir. Eyni zamanda, Nazirlər Kabineti işğaldan azad edilmiş ərazilərdə Daimi Məskunlaşdırma Fondunun yaşayış sahələrinə məcburi köçkünlərin köçürülməsi və həmin yaşayış sahələrinin onların mülkiyyətinə verilməsi qaydasını dörd ay müddətində Azərbaycan Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.
Vüqar Bayramov hesab edir ki, son qanun dəyişiklikləri dövlətin keçmiş məcburi köçkünlərə göstərdiyi sosial dəstəyin davamlı xarakter daşıdığını bir daha təsdiqləyir. Deputatın fikrincə, bu addım doğma yurdlarına qayıdan və dövlət tərəfindən mənzillə təmin olunan vətəndaşların müəyyən müddət ərzində sosial qayğı ilə əhatə olunmasına, eyni zamanda onların yeni yaşayış mühitinə daha rahat inteqrasiyasına xidmət edəcək.










