media-hormiz

Körfəz regionunda son dövrlər tez-tez “balans siyasəti” kimi təqdim olunan yanaşma əslində ciddi suallar doğurur və regiondakı güc münasibətlərinin mahiyyəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirir.

media-photo_5361792427817113874_w

  • Eylem Okumuş

Yaxın Şərq üzrə mütəxəssis və qlobal müdafiə yazarı Eylem Okumuş ERAmedia-ya açıqlamasında bildirib ki, bu anlayış reallığı əks etdirməkdən daha çox onu pərdələyən siyasi termin kimi istifadə olunur.

Eylem Okumuşun sözlərinə görə, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Qətər fərqli ritorika sərgiləsələr də, strateji xətt dəyişməz qalır:

“Bu ölkələr bir tərəfdən ABŞ-ın qurduğu təhlükəsizlik sisteminə söykənir, digər tərəfdən isə İranla münasibətləri tam qoparmamağa çalışır. Bu isə balansdan çox, hesablanmış maraq siyasətidir”.

Ekspert qeyd edir ki, xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin yanaşması prinsipial mövqedən çox iqtisadi maraqlara əsaslanır. Onun fikrincə, ticarət və maliyyə axınlarının qorunması prioritet olduğu üçün Əbu-Dabi risk artdıqda Vaşinqtona yaxınlaşır, gərginlik azaldıqda isə Tehranla iqtisadi əlaqələri yenidən aktivləşdirir. “Bu, etimad yaratmaq əvəzinə, regionda etimadsızlığı dərinləşdirir”, – deyə o bildirib.

Səudiyyə Ərəbistanına toxunan Okumuş bildirib ki, rəsmi Riyad uzun illərdir İranı əsas təhlükə kimi təqdim etsə də, praktik siyasətdə daha ehtiyatlı davranır:

“Birbaşa qarşıdurmanın dəyəri artdıqca ritorika yumşalır və dialoq kanalları açılır. Amma təhlükəsizlik arxitekturası dəyişmir, ABŞ-a bağlılıq qalır. Bu da ardıcıl siyasətdən çox, məcburi və hesablanmış manevr təsiri yaradır”.

Qətərin mövqeyini də şərh edən ekspert vurğulayıb ki, Doha həm ABŞ-la sıx hərbi əməkdaşlığı qoruyur, həm də İranla münasibətləri davam etdirir:

“Qətərin vasitəçilik rolu çox zaman münaqişəni həll etməkdən çox, onu idarə olunan səviyyədə saxlamağa xidmət edir. Gərginlik davam etdikcə bu ölkənin strateji əhəmiyyəti də artır”.

Eylem Okumuş hesab edir ki, ümumi mənzərə Körfəz ölkələrinin İrana qarşı ikiqatlı siyasət yürütməsini göstərir. Onun sözlərinə görə, açıq bəyanatlarda dialoq və sabitlik vurğulansa da, pərdə arxasında İranı əhatə edən təhlükəsizlik mexanizmlərində aktiv iştirak davam edir:

“Bu yanaşma incə diplomatiya deyil, açıq şəkildə ikili mövqedir və bu, etimadın formalaşmasına deyil, şübhələrin artmasına səbəb olur”.

Ekspertin qənaətinə görə, Körfəzdə müşahidə olunan siyasət balansdan çox maraqların soyuq hesabına əsaslanır. O bildirib ki, açıq qarşıdurmadan qaçmaq, əlaqələri tam qoparmamaq və riskləri bölüşdürmək strategiyası uzunmüddətli perspektivdə gərginliyin qalıcı olmasına zəmin yaradır.


media-adspc

Bənzər xəbərlər