Yeni ildən Avropa İttifaqı Şurasına o ölkə sədrlik edəcək
Avropa İttifaqı (Aİ) Şurasına sədrlik yanvarın 1-də Kiprə keçəcək.
ERAmedia xəbər verir ki, bu vəzifəni Danimarkadan təhvil alacaq Kipr altı ay müddətinə quruma sədrlik edəcək.
Aİ Şurasına sədrlik üzv dövlətlər arasında hər altı aydan bir rotasiya qaydasında dəyişir. Sədrliyi həyata keçirən ölkə Şuranın bütün səviyyələrdə keçirilən iclaslarına sədrlik edir və Şura çərçivəsində Aİ-nin fəaliyyətinin davamlılığının təmin olunmasına kömək göstərir. Sədrliyin əsas vəzifəsi Aİ qanunvericiliyi üzrə Şuranın işini irəli aparmaq, Aİ gündəliyinin davamlılığını, qanunvericilik proseslərinin qaydalara uyğun və üzv dövlətlər arasında əməkdaşlıq şəraitində həyata keçirilməsini təmin etməkdir.
Şuraya sədrliyi həyata keçirən üzv dövlətlər üçlük (trio) formatında sıx əməkdaşlıq edir. Bu sistem 2009-cu ildə Lissabon müqaviləsi ilə tətbiq edilib. Trio 18 aylıq dövr üçün uzunmüddətli məqsədləri müəyyənləşdirir və Şuranın baxacağı mövzuları və əsas məsələləri əhatə edən ümumi gündəlik hazırlayır. Bu proqram əsasında hər üç ölkə özünün altı aylıq sədrlik proqramını tərtib edir. Hazırkı trioda Polşa, Danimarka və Kipr yer alıb.
Bir ölkənin Aİ Şurasına sədrlik növbəsi orta hesabla 13,5 ildən bir çatır.










