1973-cü il neft böhranını unudun, daha betəri gəlir - XƏBƏRDARLIQ
Yaxın Şərqdə silah səsləri artdığı bir vaxtda, İrandan qlobal bazarları silkələyə biləcək iqtisadi xəbərdarlıq gəlib.
ERAmedia xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi sosial media hesabında paylaşdığı açıqlamada ABŞ və İsrailin regiondakı “təhlükəli macərapərəstliyinin” dünya iqtisadiyyatında geri dönməz uçurum yarada biləcəyini bildirib.
Nazir qeyd edib ki, Vaşinqton saxta xəbərlər yayaraq bazarları manipulyasiya etməyə çalışır, lakin yaxınlaşan iqtisadi fəlakəti gizlətmək mümkün olmayacaq.
Abbas Əraqçi sosial media hesabında yazıb ki, ABŞ rəsmiləri “saxta xəbərlər yayaraq bazarları manipulyasiya etməyə çalışırlar”. Onun sözlərinə görə, bu addımlar ABŞ hakimiyyətinin Amerika xalqına yüklədiyi inflyasiya dalğasından onları xilas edə bilməyəcək.
İranlı diplomat vurğulayıb ki, qlobal bazarlar “tarixin ən böyük iqtisadi boşluğu və uçurumu ilə üz-üzədir”. Əraqçi bildirib ki, qarşıdan gələn böhran miqyasına görə 1973-cü ildəki Ərəb neft embarqosundan, 1979-cu ildə baş verən İran İslam İnqilabından və 1990-cı ildə İraqın Küveyti işğal etməsinin yaratdığı təsirlərin cəmindən belə daha böyük ola bilər.
Nazir həmçinin İranın ABŞ və ya ABŞ qüvvələrinə qarşı qabaqlayıcı hücum planlaşdırdığı ilə bağlı iddiaları qəti şəkildə təkzib edib. Onun sözlərinə görə, bu iddialar açıq yalandır və məqsəd İsrail tərəfindən planlaşdırıldığı iddia edilən və adi amerikalıların vəsaiti ilə maliyyələşdirilən “böyük səhv əməliyyatı”na haqq qazandırmaqdır.
Vural










