İbrahim nebioglu
İbrahim Nəbioğlu yazır…
Tarixdə elə qələbələr var ki, onların böyüklüyü fəth edilən torpaqların genişliyi ilə deyil, bir xalqın taleyində yaratdığı dönüşlə ölçülür. Belə zəfərlər yalnız hərb tarixinin deyil, milli yaddaşın da əbədi hadisələrinə çevrilir.
Eramızdan əvvəl 490-cı ildə Marafonda yunanların qələbəsi qədim dünyanın qüdrətli imperiyalarından birinin məğlubedilməz olmadığını göstərdi. Eramızdan əvvəl 480-ci ildə Salamis zəfəri isə yunan şəhər-dövlətlərinin gələcəyini dəyişdirdi. Esxil həmin dövrün mübarizə ruhunu «Perslər» faciəsində belə ifadə edirdi: «Vətəninizi, övladlarınızı, ata-babalarınızın məzarlarını azad edin. İndi sahib olduğunuz hər şey uğrunda vuruşursunuz!»
1915-ci ildə Çanaqqala zəfəri dünyaya göstərdi ki, Vətənin müdafiəsində yalnız silahların gücü deyil, bir millətin iradəsi də həlledicidir. Altı il sonra Sakarya döyüşündə Mustafa Kamal Atatürk həmin iradəni tarixi bir hökmə çevirdi: «Müdafiə xətti yoxdur, müdafiə səthi vardır. O səth bütün Vətəndir!» 1940-cı ildə Britaniya uğrunda hava döyüşündə sayca üstün qüvvələr qarşısında dirəniş göstərən pilotlar ölkələrinin taleyini dəyişdirdilər. Uinston Çörçill onların fədakarlığını tarixə həkk olunan sözlərlə qiymətləndirdi: «Heç vaxt bu qədər çox insan bu qədər az insana bu qədər borclu olmamışdı».
2020-ci ilin 8 noyabrında Azərbaycan xalqı da öz tarixinin belə bir səhifəsini yazdı!
44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu yalnız şəhərləri, kəndləri, dağları azad etmədi. O, bütöv bir nəslin qəlbində onilliklər boyu yaşayan Qarabağ həsrətinə son qoydu. Şuşanın azad edilməsi hərbi qələbənin zirvəsi olmaqla yanaşı, milli yaddaşımızın ən parlaq hadisələrindən birinə çevrildi.
O gün Prezident İlham Əliyevin dilindən səslənən «Əziz Şuşa, sən azadsan!» sözləri milyonlarla azərbaycanlının illərlə ürəyində daşıdığı arzunun gerçəkləşdiyini xəbər verirdi.
Zəfəri böyük edən yalnız onun necə qazanılması deyil, nələr bahasına qazanılmasıdır. Bu gün Azərbaycanın üçrəngli bayrağı Qarabağın səmasında dalğalanırsa, bu, canını Vətənə fəda etmiş şəhidlərimizin, sağlamlığını döyüş meydanlarında itirmiş qazilərimizin, Azərbaycan əsgərinin qəhrəmanlığının və xalqımızın birliyinin nəticəsidir.
Tarix bizə bir həqiqəti də öyrədir: böyük qələbələri qazanmaq qəhrəmanlıq tələb edir, onları gələcək nəsillər üçün əbədi sərvətə çevirmək isə müdriklik. Qarabağ Zəfərinin ən böyük davamı o torpaqlarda yenidən qurulan şəhərlər, açılan məktəblər, qayıdan ailələr və sülh içində böyüyəcək uşaqlar olacaq.
Əziz dostlarım, dünyanın harasında yaşamağımızdan asılı olmayaraq, bu gün hər birimiz qürurla deyə bilərik: Biz tarixin yalnız şahidi deyil, xalqımızın öz taleyini dəyişdirdiyi böyük bir dövrün müasirləriyik!
Bu qüruru bizə yaşadan şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyir, qazilərimizə minnətdarlığımı bildirir, qəhrəman Azərbaycan Ordusunu və bütün xalqımızı ürəkdən təbrik edirəm!
ZƏFƏR GÜNÜMÜZ MÜBARƏK, ƏZİZ AZƏRBAYCAN!
QARABAĞ AZƏRBAYCANDIR!

media-adspc

Bənzər xəbərlər