Qələbə günü şəhid olan “Polad ürəkli” QƏHRƏMAN
- Bəzi insanlar dünyaya sadəcə yaşamaq üçün deyil, əməlləri ilə tarix yazmaq üçün gəlirlər. Onlar öz ömürlərini Vətənin azadlığına, xalqın qüruruna, xoşbəxtliyinə qurban verirlər. Baş leytenant, tağım komandiri, tankçı Vəliyev İsmayıl Mehman oğlu da belə qəhrmanlardan idi…
O, tankın sükanı arxasında yalnız döyüş maşınını kimi deyil, insanların ümidini, inamını və azadlıq arzularını daşıyan bir əsgər kimi əyləşirdi. Onun üçün Vətən sevgisi, Torpaq sevgisi, Bayraq sevgisi yalnız sözdən ibarət deyildi. O, bu sevgini lazım gələndə canından keçəcək qədər böyük və müqəddəs sayırdı…
Tankçı olmaq cəsarət, iradə və qorxmazlıq tələb edir. İsmayıl bütün bu xüsusiyyətləri özündə birləşdirən qəhrəman oğullardan idi. Döyüş meydanında polad tankına güvənən bu qəhrəman ən böyük gücünü ürəyindəki Vətən, Torpaq, Bayraq sevgisindən alırdı.
Müharibənin ilk günlərindən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Suqovuşan, Laçın istiqamətlərində gedən ağır döyüşlərdə düşmən mövqelərini öz polad tankı ilə tez-tez susduran tağım komandiri hər döyüşdə “Vətən sağ olsun” – deyib, silahdaşlarını qələbəyə ruhlandırırdı. O, Quru Qoşunları tərkibində Zəngilana ilk daxil olan tankçılardan biri idi…
…İsmayılın tankı bir neçə dəfə müxtəlif istiqamətlərdən düşmən səddini yarıb, azadlığa gedən yolda ilk izlərini qoymuşdu. Tankın tırtılları daşlı-kəsəkli yollara elə bil ki, naxış vurmuşdu. Onun tankı təkcə düşmən mövqelərini susdurmaq üçün deyildi, o, İsmayılın həm yaxın dostu, yoldaşı, həm də silahdaşı idi. “Polad ürək” adlandırdığı “dəmir dostu” dəfələrlə onu çətin döyüşlərdən çıxarıb, həyatını xilas etmişdi. Hiyləgər ermənilər nəyin bahasına olursa-olsun İsmayılın tankını susdurmaq, ya da ələ keçirmək istəyirdi. Hətta bir neçə dəfə cəhd göstərsələr də İsmayıl tankının mövqeyini bir göz qırpımında dəyişərək, düşmənə başqa istiqamətlərdən sarsıdıcı zərbələr endirmişdi.
Ağır döyüşlərin birində İsmayılın tankı ciddi zədə alır, özü isə yüngül yaralanır. Yarasının sağalmasını gözləməyən İsmayıl üç nəfər komanda heyəti ilə birlikdə başqa tankla Laçın istiqamətində gedən döyüşlərə qatılır. Deyir ki, “Qəlpə yarası nə vaxtsa sağalar, ancaq Vətən yarası heç vaxt sağalmaz…”
…Bir neçə gün olardı ki, yuxusuz idi İsmayıl. Komandanlığın təkidinə baxmayaraq o, dincəlməyə yox, növbəti döyüş tapşırığını yerinə yetirməyə yollanır. Düşmənin müdafiə xəttini yarıb döyüş dostları ilə birlikdə Laçının kəndlərinə doğru istiqamət götürür. Həmin gün ağır döyüşlərdən sonra Qubadlının və Laçının bir neçə kəndi işğaldan azad olunur, növbəti gün isə İsmayılın cansız bədəni tankın içərisində, Laçının Güləbird kəndi yaxınlığından tapılır. Tank komanda heyəti ilə birlikdə yanmışdı. İsmayıl canı qədər sevdiyi bayrağı yanıb qaralmış ovcunda elə bərk-bərk sıxmışdı ki!..
Komandanlığın raportunda qeyd olunur ki, “Baş leytenant, tağım komandiri, tankçı Vəliyev İsmayıl Mehman oğlu həmin gün döyüş tapşırığını yerinə yetirməklə düşmənin daha ağır nəticələr verə biləcək hücumunun qarşısını almış və Ordumuz Laçın ətrafında bir neçə strateji yüksəkliyi, o cümlədən Laçına gedən yolu nəzarətə götürmüşdür”.
Bəli, bu yol döyüşçülərimizi qələbəyə aparan yol idi. Kim bilir, bəlkə də İsmayıl öz tankı ilə olsaydı, bu döyüşdən də sağ-salamat çıxardı, o da öz tankı ilə qələbəyə aparan bu yolla Laçına daxil olardı?.. Axı, “Polad ürək” adlandırdığı “dəmir dostu” onu dəfələrlə çətin döyüşlərdən çıxarmışdı, ona sipər olmuşdu…
Baş leytenant, tağım komandiri, tankçı Vəliyev İsmayıl Mehman oğlu döyüş yoldaşları ilə birlikdə 8 noyabr 2020-ci il tarixdə Qələbə xəbərinin elan olunmasına saatlar qalmış şəhidlik zirvəsinə ucalır. İsmayılın nəşi noyabr ayının 17-də Naxçvanın şəhidlər xiyabanında torpağa tapşırılır. O, Prezident, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra “3-cü dərəcəli Rəşadət” Ordeni, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunur.
Hələ uşaq yaşlarından anasını itirən İsmayıl Vətən sevgisinə, Vətən nəvazişinə sığınmışdı. Ana məhəbbətini canı qədər sevdiyi Vətənindən alırdı. Onun Vətənə, Torpağa, Bayrağa olan sevgisi bir dastana sığmazdı. Görəsən, haradan idi onda olan bu qədər Vətən sevgisi, Torpaq sevgisi, Bayraq sevgisi? Bu sevgi uğrunda hər an ölməyə hazır idi o. Yüzlərlə qəhrəman oğullarımız kimi o da, elə bu sevgi uğrunda şəhid oldu…
Artıq İsmayılın şəhidlik zirvəsinə ucaldığı gündən 6 il ötür. O, şəhidlik zirvəsinə “Polad ürəkli” qəhrəman kimi ucaldı. Sağ olsaydı bu il dostları, yaxınları ilə birlikdə 30 yaşını qeyd edəcəkdi. İsmayıl bu gün aramızda olmasa da, adı yaddaşımızda, qəhrəmanlığı tariximizdə, xatirəsi isə qəlbimizdə həmişə yaşayacaq. Onun yarımçıq qalmış arzuları, söylənilməyən sözləri, yaşanmayacaq günləri heç vaxt qəlbimizdən silinməyəcək.
İsmayılın keçdiyi döyüş yoluna nəzər saldıqda insan iki halda təsəlli tapmaq istəyir: Birincisi, İsmayılın “Polad ürək” adlandırdığı “dəmir dostu” bu gün də həyatdadır, onun yolunu davam etdirir, Vətənin keşiyində dayanır, o da İsmayıl kimi Vətənə, Torpağa, Bayrağa sədaqətlidir. İkincisi isə, İsmayılın canı qədər sevdiyi Vətəni bu gün azaddır, o, canı qədər sevdiyi Vətən torpağında yatır, başı üzərində isə canı qədər sevdiyi üçrəngli bayraq dalğalanır…
Sən, Vətən torpağına əmanət, xalqın qəlbinə əbədi həkk olunmuş bir qəhrəmansan. Sən, tankınla düşmənə aman verməyən, qəhrəmanlığınla əbədiyyətə ucalan bir igidsən. Sənin kimi igidlərin sayəsində həmişə başımız dik, alnımız açıq olacaq.
Ruhun şad, məkanın cənnət olsun, qəhrəman tankçı!
Uca Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Rasim Mədəd
P.S. Bu gün xalqımız şəhid İsmayılın və yüzlərcə İsmayıl kimi qəhrəmanların Zəfər bayramını qeyd edir. Bu 6 ildə çox şey dəyişib. Suverunliyimizin bərpasından tutmuş, düşmənlərimizin məhkəmə qarşısında layiqli cəza almalarına qədər, dövlətimizin işğaldan azad edilmiş torpaqlarımızda tikinti, bərpa-quruculuq işləri aparmasından tutmuş, yurd-yuvalarını tərk etmiş insanların doğma torpaqlarına qayıtmalarına qədər, hətta qardaşın Mustafanın “Neftçi”nin əsas heyyətinə yüksəlmək arzusu ilə futbola başlamasından tutmuş, ölkə çempionatında ən yaxşı qolunu “Qarabağ” komandasına vurmasına qədər – hər şey dəyişib. Şübhəsiz ki, bunların hamısı Sizin qəhrəmanlığınız, mərdliyiniz, qorxmazlığınız sayəsində baş verib.
Sabah İsmayıl kimi neçə-neçə “Polad ürəkli” İsmayıllar dünyaya göz açacaq. Bir ölüb, min diriləcəyik… İsmayılın vətənpərvər ruhda böyüyən davamçıları “Hay ver mənə, cənab leytenant!” – deyib, şəhidlərimizin adları qarşısında baş əyəcəklər. Onlar qədər Vətəni, Torpağı, Bayrağı sevəcəklər. Çünki bu Vətən, bu Torpaq, bu Bayraq Əliyarların, Mübarizlərin, Poladların, İsmayılların, daha neçə-neçə igid əsgərlərimizin bizə canları bahasına əmanət qoyub getdiyi Vətəndir, Torpaqdır, Bayraqdır!










