media-dwxhbt2vo6atiyuie1qowci9tpy5pqt4

8 Noyabr – Azərbaycan xalqının milli qürurunun bərpası, dirçəlişinin, sarsılmaz birliyinin və tarixi ədalətin təntənəsi günüdür. Bəzi tarixlər millətin sınmış qürurunun bərpa olunduğu, mənliyinin və azadlıq ruhunun yenidən doğulduğu dönüş nöqtəsidir. 30 illik həsrətdən sonra başımızı uca edən gün Müqəddəs Zəfər Günüdür. Bu, xalqın Qələbəsidir.

ERAmedia xəbər verir ki, bu fikirlər siyasi şərhçi Əhməd Abbasbəylinin “Tarixi ədalətin təntənəsi: Milli qürurun bərpası və tarixin Zəfər salnaməsi” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Zəfərə aparan yol: illərin nisgili, tarixi şərait və sarsılmaz iradə

İşğal dövrü hər bir azərbaycanlının qəlbində dərin nisgil idi. Qarabağın həsrəti, Xocalının fəryadı, dağıdılmış kəndlərimizin, məscidlərimizin harayı ağır mənəvi yükə çevrilmişdi. İcra olunmayan qətnamələr, ikili standartlar və nəticəsiz sülh danışıqları göstərdi ki, ədalət öz-özünə bərpa olunmur, onu öz gücünlə və polad iradənlə təmin etməlisən. Ancaq Azərbaycan xalqı ümidini itirmədi, ruhən sınmadı. Ölkə başçısının məqsədyönlü siyasəti ilə iqtisadi təməllər quruldu, müasir ordu formalaşdırıldı. Qarabağı görməsə də onun uğrunda canından keçməyə hazır gənclik yetişdi. Diplomatik addımlar və hərbi quruculuq ölkəmizi Zəfərə yaxınlaşdırdı.

Vətən müharibəsi: qəhrəmanlıq, iradə, cəsarət və milli birlik

2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycanın hərb tarixini qızıl hərflərlə yenidən yazdı. “Ohanyan səddi” yarıldı, düşmənin istehkamları darmadağın edildi. Sıldırım qayalıqları aşaraq Şuşanı azad edən qəhrəman zabit və əsgərlərimiz dünya hərb tarixinə dastan yazdılar.

Ən taleyüklü mərhələ Şuşa uğrunda döyüşlər idi. Tarixi, mədəni və milli kimliyimiz baxımından xüsusi əhəmiyyət daşıyan şəhərin azad edilməsi həlledici hadisəyə çevrildi. Bu döyüşlər Ordumuzun hazırlığını, döyüş ruhunu və Vətən sevgisini nümayiş etdirdi. Bu, yalnız hərbi taktikanın deyil, insan iradəsinin, Vətən sevgisinin və torpaq uğrunda ölümə hazır olmağın təntənəsi idi.

Müharibənin mühüm xüsusiyyəti ön cəbhə ilə arxa cəbhənin vəhdəti idi. Cəbhədə döyüşən əsgər və zabitlərimiz arxalarında bütöv xalqın dəstəyini hiss edirdilər. İnsanlar qan verir, könüllü yardımlar təşkil edir, hərbçi ailələrinə dəstək göstərir, informasiya mübarizəsində fəallıq nümayiş etdirirdilər. İnsanları birləşdirən əsas məqsəd torpaqlarımızın azadlığı idi. Gənclərin orduya yazılmaq istəyi, xaricdəki soydaşlarımızın fəallığı milli həmrəyliyi daha da gücləndirirdi.

Qələbə üç sarsılmaz sütun üzərində yüksəldi: Ali Baş Komandanın müdrikliyi və polad iradəsi, hərbçilərimizin qəhrəmanlığı, xalqın sarsılmaz vəhdəti. Rəhbərliyin döyüş meydanında və diplomatiyada nümayiş etdirdiyi qətiyyət xalqa inam verdi. “Vətən sağ olsun!” deyərək canını sipər edən igidlərimizin qəhrəmanlığını sözlə təsvir etmək çətindir. Arxa və ön cəbhə tək ürək kimi döyünür, “Dəmir yumruq” düşmənin planlarını alt-üst edirdi.

Zəfərin ölkədaxili nəticələri

8 Noyabr Zəfəri ölkəmizin mənəvi dünyasında köklü dəyişiklik etdi. Məğlubiyyət hissi yerini milli qürurun bərpasına, alnıaçıqlığa verdi. Qələbə cəmiyyəti vahid milli məfkurə ətrafında birləşdirdi. Bu gün Böyük Qayıdış Proqramı çərçivəsində Qarabağda və Şərqi Zəngəzurda yollar, hava limanları və müasir yaşayış məntəqələri salınır. Soydaşlarımızın dədə-baba yurdlarına qayıdışı ilə həmin torpaqlara ruh, həyat və gələcək də dönür. Zəfər təkcə torpaqlarımızı deyil, həyatı da qaytardı.

Zəfərin regional və qlobal siyasətə təsiri: yeni geosiyasi reallıq

Zəfər Cənubi Qafqazın geosiyasi xəritəsini və regional güc balansını dəyişdi. Müharibə regionda onilliklər ərzində formalaşmış status-kvonu alt-üst etdi. Azərbaycan ərazilərinin mühüm hissəsini azad etməklə münaqişənin reallıqlarını dəyişdirdi, regionda yeni sülh mənzərəsinin konturlarını cızdı. İşğalın aradan qaldırılması regionda sülh və təhlükəsizlik üçün tarixi şans yaratdı. Bu nəticə ərazi bütövlüyü və suverenliklə bağlı qərarların icrası, beynəlxalq təşkilatların effektivliyi barədə suallar doğurdu. Azərbaycan BMT qətnamələrini öz gücü ilə icra edərək beynəlxalq hüququn kağız üzərində qalmamalı olduğunu göstərdi, ədalətin təmin olunmasının vacibliyini sübut etdi. Qələbə Türk dünyasının inteqrasiyasına təkan verdi, türk dövlətlərinin birliyini yeni mərhələyə yüksəltdi.

2023-cü ilin sentyabrında Qarabağ iqtisadi rayonunda həyata keçirilən antiterror tədbirləri və Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpası bu tarixi mərhələnin sonrakı mühüm hadisəsi oldu. Beləliklə, 2020-ci ilin Zəfəri ilə başlayan proses suverenliyin bütün ərazidə təmin olunması ilə yeni mərhələyə keçdi. Zəfər Azərbaycanın beynəlxalq mövqeyinin yenidən qiymətləndirilməsinə səbəb oldu. Dövlətimiz artıq müstəqil siyasi qərarlar qəbul edən, milli maraqlarını və təhlükəsizliyini təmin edən ölkə kimi diqqət mərkəzindədir. Qələbə Azərbaycanın müstəqil subyekt kimi mövqeyini möhkəmləndirdi, strateji çəkisini artırdı və regional geosiyasəti müəyyən edən mühüm güc mərkəzi olduğunu təsdiqlədi.

Yekun olaraq, 8 Noyabr bizim namusumuzun, ləyaqətimizin və əbədi azadlığımızın bayramıdır. Bu Zəfər bizə məsuliyyət qoyur: Qələbəmizi qorumaq, şəhidlərimizin bizə əmanət etdiyi övladlarına və torpaqlarımıza sahib çıxmaq. Bu günü bizə bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şərəfli ömür arzulayırıq. Zəfərimiz əbədi, Bayrağımız uca, müzəffər xalqımız və qüdrətli Vətənimiz daim var olsun!


media-adspc

Bənzər xəbərlər