ABŞ 2,5 milyon miqrantı ölkədən deportasiya etdi
ABŞ 2025-ci ilin əvvəlindən bəri 2,5 milyon xarici vətəndaşı ölkədən çıxarıb. Onların 1,9 milyonu Daxili Təhlükəsizlik Nazirliyinin (DTN) açıqladığı könüllü özünədəportasiya proqramından istifadə edərək ölkəni tərk edib, 600 min nəfər isə məcburi şəkildə deportasiya olunub.
ERAmedia xəbər verir ki, bu barədə DTN “X” sosial şəbəkə hesabında məlumat yayıb.
“600 min qanunsuz miqrant 365 gündən az müddətdə ölkəmizin ərazisindən deportasiya edilib. Özünədeportasiya proqramından istifadə edən 1,9 milyon nəfərlə birlikdə ölkəni tərk edən qanunsuz miqrantların ümumi sayı 2,5 milyonu ötüb”, — məlumatda qeyd olunub.
Nazirlik əlavə edib ki, əldə olunan göstərici “yalnız başlanğıcdır”.
Bundan əvvəl, oktyabr ayında ABŞ daxili təhlükəsizlik nazirinin köməkçisi Trişa Maklaflin bildirmişdi ki, prezident Donald Trampın andiçmə mərasimindən bəri hüquq-mühafizə orqanları 500 mindən çox qanunsuz miqrantı saxlayaraq deportasiya edib, əlavə 1,6 milyon nəfər isə ölkəni könüllü tərk edib. Onun sözlərinə görə, müvafiq qurumlar deportasiya tempini daha da artırmağı planlaşdırır.
Donald Tramp dəfələrlə bəyan edib ki, onun hakimiyyətə gəlməsindən əvvəl ABŞ-a təxminən 25 milyon nəfər qanunsuz şəkildə daxil olub. ABŞ prezidenti immiqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarı olduğunu vurğulayıb. Andiçmədən sonra o, ABŞ–Meksika sərhədində fövqəladə vəziyyət rejiminin tətbiqinə dair sərəncam imzalayıb. Tramp bildirib ki, ölkə tarixində ən genişmiqyaslı deportasiya əməliyyatını həyata keçirməyə hazırlaşır.
Vural Həsənoğlu










