ABŞ-də "Sülh planı” ilə bağlı görüş keçirilir
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov hazırlanmış “sülh planı”nın müzakirəsi üçün ABŞ-də görüşlərin başladığını açıqlayıb.
ERAmedia xəbər verir ki, Umerov bu barədə sosial şəbəkə hesabında məlumat verib.
O bildirib ki, ABŞ administrasiyasının Rusiya-Ukrayna müharibəsinə son qoymaq məqsədilə irəli sürdüyü təşəbbüslə bağlı danışıqlar davam edir və proses “ədalətli sülhün əldə olunması” məqsədi daşıyır.
Umerov Ukrayna Prezidenti Volodimir Zelenski ilə daim əlaqədə olduğunu vurğulayaraq, qarşıya qoyulan əsas prioritetlərin Ukraynanın milli maraqlarının qorunması, konkret dialoq və Cenevrədə əldə olunan nəticələr üzərindən irəliləmək olduğunu bildirib:
“Ukrayna üçün real sülh və təminatlı təhlükəsizlik naminə çalışırıq”.
O həmçinin bugünkü görüşlərin detalları barədə Prezident Zelenskiyə məruzə edəcəyini qeyd edib.
Xatırladaq ki, Zelenski dünən Umerovun rəhbərlik etdiyi nümayəndə heyətinin “sülh planı”nı müzakirə etmək üçün ABŞ-a yollandığını açıqlamışdı.










