ABŞ nümayəndələri ilə nələr razılaşdırıldı?
Rusiya ABŞ prezidenti Donald Trampın təqdim etdiyi ilkin sülh planına əlavə olaraq daha dörd sənəd alıb.
ERAmedia xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Kremlində Vladimir Putinlə Trampın nümayəndələri – Stiv Uitkoff və Jared Kuşner arasında keçirilmiş görüşü şərh edərkən bildirib.
Uşakovun sözlərinə görə, əvvəlcə 27 bənddən ibarət bir sənəd təqdim olunub, Rusiya tərəfi onunla tanış olub, lakin həmin sənəd üzrə ABŞ tərəfi ilə heç bir müzakirə aparılmayıb. Sonradan isə daha dörd əlavə sənəd göndərilib və onlar da görüş zamanı gündəmdə olub.
Prezident köməkçisi sənədlərin məzmunu barədə detallar açıqlamayıb. “Onların hamısı Ukrayna böhranının uzunmüddətli sülh yolu ilə həllinə aiddir. Əvvəlcə bir variant vardı, sonra o variant yenilənərək bir sənəd əvəzinə dörd sənəd halına salındı. Daha çoxunu deyə bilmərəm”, – deyə o əlavə edib.
Uşakov bildirdi ki, beş saat davam edən görüş konstruktiv və əhatəli xarakter daşıyıb və tərəflərə Ukrayna üzrə birgə iş perspektivlərini ətraflı müzakirə etmək imkanı verib.
Onun sözlərinə görə, tərəflər ABŞ tərəfindən Moskvaya ötürülmüş layihələr üzrə fikir mübadiləsi aparıblar: “Biz konkret formulları deyil, həmin sənədlərin mahiyyətini müzakirə etdik. Bəzi məqamlarla razılaşmaq mümkündür, bunu Prezident də təsdiqlədi”.
“Əsas odur ki, faydalı müzakirə baş tutdu və tərəflər uzunmüddətli sülhün əldə edilməsi üçün işi davam etdirməyə hazır olduqlarını ifadə etdilər”, – Uşakov həmçinin Putinin bir sıra təkliflərə tənqidi yanaşdığını bildirib.
Uşakov vurğulayıb ki, həm Rusiya, həm də ABŞ üçün ən önəmli məsələ ərazi məsələsidir: “Hələ ki, kompromis tapılmayıb. Bəzi Amerika yanaşmaları nisbətən qəbul edilə biləndir, lakin müzakirə tələb edir. Bəzi təklif olunan formullar bizə uyğun deyil”.
O əlavə edib ki, tərəflər danışıqların məzmununu açıqlamamaq barədə razılığa gəliblər, çünki görüş tamamilə qapalı rejimdə keçirilib. ABŞ nümayəndələri müzakirələrin nəticələri barədə şəxsən Trampa məruzə edəcəklər.
Jurnalistlərin Avropanın mövqeyinin müzakirə olunub-olunmaması ilə bağlı sualına cavab olaraq Uşakov bildirib ki, Putin Avropa tərəfinin “destruktiv addımlarına” dair öz qiymətləndirməsini verib.
Gələcəkdə həm Vaşinqton, həm də Moskva üzrə böyük işlərin görüləcəyi qeyd olunub və tərəflər təmasların davam etdirilməsi barədə razılığa gəliblər.
Vural Həsənoğlu









