ABŞ ordusu İranın cənubuna hücum etdi – Partlayış səsləri eşidildi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın cənubunda yerləşən bəzi hərbi hədəflərə “müdafiə məqsədli” əməliyyatlar həyata keçirdiyini açıqlayıb. Bildirilib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus mina yerləşdirən qayıqlar və raket bazaları hədəfə alınıb.
ERAmedia xəbər verir ki, “Fox News”a danışan CENTCOM sözçüsü Tim Hokins ABŞ qüvvələrinin İran mənşəli təhdidlərə qarşı hərəkətə keçdiyini deyib. Onun sözlərinə görə, “hərbçilərimizi qorumaq məqsədilə İranın cənubundakı hədəflərə özünümüdafiə xarakterli zərbələr endirilib”.
Hokins əməliyyatlar zamanı xüsusilə raket bazalarının və Hörmüz boğazına mina yerləşdirməyə çalışan hərbi qayıqların vurulduğunu bildirib.
ABŞ mediasında yayılan məlumatlara əsasən, əməliyyatların mərkəzində İranın strateji liman şəhəri Bəndər Abbas və Hörmüz boğazı ətrafı olub. “Wall Street Journal” SEPAH-a məxsus iki qayığın mina yerləşdirmə fəaliyyəti zamanı hədəfə alındığını yazıb. Eyni zamanda, İranın ABŞ döyüş təyyarələrinə qarşı quru-hava raketləri atdığı, bundan sonra isə raket bazalarının vurulduğu iddia edilib.
Adı açıqlanmayan yüksək rütbəli ABŞ rəsmiləri əməliyyatların “məhdud və müdafiə xarakterli” olduğunu vurğulayıblar. ABŞ tərəfi baş verənlərin atəşkəsin tamamilə pozulması demək olmadığını iddia edib və hücumların hazırda dayandırıldığı bildirilib.
İran mediası isə günün əvvəlində Bəndər Abbas, Cask və Sirik şəhərlərində güclü partlayış səslərinin eşidildiyini xəbər verib. İlkin mərhələdə rəsmi açıqlama verilməsə də, partlayışların ABŞ əməliyyatları ilə bağlı ola biləcəyi ehtimal edilib. Xüsusilə Bəndər Abbas ətrafında hava hücumundan müdafiə sistemlərinin işə salındığı irəli sürülüb.
Bəzi İran mənbələri isə ABŞ-nin yalnız hərbi obyektləri deyil, sahil bölgələrində bəzi mülki əraziləri də hədəf aldığını iddia edib. İranla yaxın media qurumları Vaşinqtonu atəşkəsi pozmaqda günahlandırıb.
İngiltərənin “Guardian” qəzeti ABŞ və İran arasında Qətər və Pakistanın vasitəçiliyi ilə diplomatik təmasların davam etdiyini, lakin son hücumların bu prosesi ciddi risk altına saldığını yazıb. Bildirilib ki, tərəflər Hörmüz boğazında təhlükəsizliyin bərpası və İrana qarşı bəzi sanksiyaların yumşaldılması məsələsini müzakirə edirlər.
ABŞ Prezidenti Donald Trampın isə hücumları əhəmiyyətsiz kimi qiymətləndirdiyi qeyd olunub. Amerika mediasına görə, Tramp İranın addımlarını “kiçik təxribat” adlandırıb və Tehran razılaşma şərtlərini qəbul etməzsə daha sərt əməliyyatların mümkün olduğunu bildirib.
Qlobal neft daşımalarının böyük hissəsinin keçdiyi Hörmüz boğazı son aylarda ABŞ–İran gərginliyinin mərkəzinə çevrilib. ABŞ-nin İrana qarşı dəniz blokadasını genişləndirməsi və İranın bölgədə hərbi fəaliyyətini artırması beynəlxalq enerji bazarlarında narahatlığı artırıb. Ekspertlər tərəflər arasında kiçik hərbi toqquşmanın belə regionda genişmiqyaslı münaqişəni yenidən alovlandıra biləcəyi barədə xəbərdarlıq edirlər.
Vural









