ABŞ Ukraynaya dəstəyi azaldacaq
ABŞ G7 ölkələri tərəfindən əvvəlki ABŞ prezidenti Co Bayden administrasiyası dövründə, 2024-cü ildə təsdiqlənmiş kredit xətti üzrə son tranşların ödənilməsindən sonra Ukraynaya yardımını azaltmağı planlaşdırır.
ERAmedia xəbər verir ki, bu barədə “Politico” nəşri Avropa İttifaqının diplomatik xidmətindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ tərəfi bu qərar barədə 8 dekabrda G7 maliyyə nazirlərinin, eləcə də Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı rəhbərlərinin videokonfrans formatında keçirilmiş görüşündə məlumat verib.
Bundan əlavə, ABŞ və Yaponiya Avropa İttifaqının (Aİ) dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı təklif olunan sxeminə qoşulmaqdan imtina ediblər.
Xatırladaq ki, 2 oktyabrda “Politico” yazmışdı ki, Aİ-yə daxil olan G7 ölkələri Rusiyanın öz ərazilərindəki aktivlərinin müsadirəsi məqsədilə Yaponiya və ABŞ-a təzyiq göstərir.
3 dekabrda isə ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton Ukraynaya yardım üçün artıq öz vəsaitlərini xərcləmir. NATO isə Kiyevə göndərilməsi üçün ABŞ-dan silah satın alır.
Vural Həsənoğlu










