Alimlər açıqladı: İlk dəfə Yer kürəsi xaricində tapıldı
Alimlər “OSIRIS-REx” kosmik aparatının 2023-cü ildə Yerə gətirdiyi Bennu asteroidindən götürülmüş nümunələrdə həyatın əsas tərkib hissələrindən sayılan qlükozanın aşkarlandığını açıqlayıb.
ERAmedia xəbər verir ki, NASA həyat üçün vacib olan riboz və qlükoza şəkərlərinin müəyyən edildiyini bildirib. Riboz həyatın ilkin təməlini təşkil edən RNA molekulunun tərkibində olur. Müasir həyatın əsas enerji mənbəyi olan qlükoza isə ilk dəfə bir asteroiddə tapılıb. NASA həyat üçün vacib bütün maddələrin Günəş sistemində mövcud ola biləcəyini düşünür.
Tədqiqat qrupu RNA-nın əsas tikinti bloku olan riboz və Yer üzündə demək olar ki, bütün canlıların enerji mənbəyi kimi istifadə etdiyi qlükozanı asteroiddə aşkarlayıb. Alimlər bildiriblər ki, bu şəkərlər birbaşa həyatın sübutu olmasa da, Günəş sisteminin erkən dövründə bioloji baxımdan vacib kimyəvi maddələrin geniş yayılmış olduğunu göstərir.
Nümunələr birbaşa kosmosda toplanıb möhürləndiyi üçün laboratoriyaya çatana qədər Yerin təsirinə məruz qalmayıb. Qlükozanın ilk dəfə Yer kürəsi xaricindəki nümunədə aşkarlanması xüsusi diqqət çəkib. Eyni gün açıqlanan ikinci tədqiqatda isə alimlər nümunələrdə əvvəllər heç bir kosmik daşda görülməmiş, polimer tipli maddə aşkarlayıblar. “Kosmik saqqız” adlanan bu maddə bir vaxtlar yumşaq və elastik olub, lakin zamanla bərkidiyi və mürəkkəb molekulyar zəncirlərdən ibarət olduğu bildirilib. Alimlərə görə, bu quruluş həyatın kimyəvi prekursorlarından biri ola bilər.
Üçüncü tədqiqat isə Bennu asteroidinin bütün məlum kosmik materiallardan altı dəfə çox qədim ulduz tozu ehtiva etdiyini ortaya qoyub.
Vural Həsənoğlu










