Avropanın ən ucuz və ən bahalı şəhər tətilləri açıqlandı - SİYAHI
Yeni araşdırma Avropada hansı şəhərlərin turistlərə daha sərfəli, hansılarının isə daha bahalı şəhər tətili təklif etdiyini ortaya qoyub.
ERAmedia xəbər verir ki, aviabiletlərin bahalaşdığı bir vaxtda səyahətçilərin uzun məsafəli və baha istirahətlər əvəzinə daha yaxın və büdcəyə uyğun seçimlərə yönəlməsi gözlənilir. Bu səbəbdən qısa şəhər turları 2026-cı ilin yayında Avropanın əsas səyahət trendlərindən biri sayılır.
Böyük Britaniyanın “Post Office Travel Money” qurumunun açıqladığı son “City Costs Barometer” hesabatında Avropanın 50 şəhərində iki nəfər üçün 12 əsas turist xərci müqayisə olunub. Hesablamaya qəhvə, pivə, sərinləşdirici içki, şərab, iki nəfərlik üç yeməkli axşam yeməyi, hava limanından transfer, 48 saatlıq ictimai nəqliyyat kartı, şəhər turu avtobusu bileti, muzey və qalereya girişləri, eləcə də iki gecəlik üçulduzlu otel qiymətləri daxil edilib.
2026-cı ildə Avropanın ən sərfəli şəhər tətilləri
Hesabata əsasən, bu il Avropada ən sərfəli şəhər tətili üçün ilk dəfə Bosniya və Herseqovinanın paytaxtı Saraybosna seçilib. Burada iki nəfərlik şəhər tətilinin orta dəyəri 248 funt sterlinq (287 avro) təşkil edir.
İlk onluqda əsas üstünlük yenə Şərqi Avropa şəhərlərinə məxsusdur.
Avropanın ən ucuz 10 şəhər tətili:
1. Saraybosna – 248 funt-sterlinq/ 287 avro
2. Buxarest – 258 funt-sterlinq/ 299 avro
3. Tirana – 263 funt-sterlinq/ 304,5 avro
4. Belqrad – 265 funt-sterlinq/ 307 dollar
5. Trençin – 272 funt-sterlinq / 315 avro
6. Riqa – 278 funt-sterlinq/ 322 avro
7. Lill – 289 funt-sterlinq/ 334 avro
8. Vilnüs – 289 funt-sterlinq/ 334 avro
9. Strasburq – 319 funt-sterlinq/ 369 avro
10. Podqoritsa – 332 funt-sterlinq/ 384,5 avro
Avropanın ən bahalı şəhər tətilləri
Siyahının digər ucunda isə Norveçin paytaxtı Oslo qərarlaşıb. Burada iki nəfərlik qısa şəhər tətilinin orta dəyəri 734 funt-sterlinq (850 avro) hesablanıb.
Ən bahalı ilk beşlikdə həmçinin bu şəhərlər yer alıb:
1. Oslo – 734 avro/ 850 avro
2. Kopenhagen – 671 funt-sterlinq/ 777 avro
3. Edinburq – 668 funt-sterlinq/773,5 avro
4. Cenevrə – 644 funt-sterlinq/746 avro
5. Barselona – 641 funt-sterlinq/742 avro
Hesabat müəllifləri bildirirlər ki, qiymət fərqinə ən çox təsir edən amillər otel və restoran xərcləridir. Daha sərfəli şəhərlərdə turistlər büdcə barədə çox düşünmədən şəhəri kəşf edə bildiyi halda, bahalı şəhərlərdə əvvəlcədən planlama vacib hesab olunur.










