Azərbaycan Gürcüstandan hansı məhsulları idxal edir? - AÇIQLAMA
Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfəri çərçivəsində iki ölkə arasında iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi əsas müzakirə mövzularından biri olub.
ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq iqtisadi əməkdaşlığın genişlənməsinə mühüm zəmin yaradır.
Deputat bildirib ki, Azərbaycanın Gürcüstana ixracı 712.7 milyon dollar təşkil edib ki, bunun 347.9 milyon dolları qeyri neft-qaz məhsullarının payına düşür. Bu isə o deməkdir ki, ötən il Gürcüstana 364.8 milyon dollarlıq enerji məhsulları ixrac olunub. Eyni zamanda, Azərbaycan il ərzində Gürcüstandan 168.7 milyon dollarlıq məhsul idxal edib.
Vüqar Bayramov qeyd edib ki, 2025-ci ildə iki ölkə arasında 1002 məhsul kodu üzrə ticarət əməliyyatları həyata keçirilib. Gürcüstandan idxal olunan əsas məhsullar sırasında sular və alkoqolsuz içkilər (30 milyon dollar), diri iribuynuzlu heyvanlar (29.1 milyon dollar), diri qoyunlar (18.1 milyon dollar), natrium sianidlər (10.3 milyon dollar), kartof (7.8 milyon dollar), ferrosilikomanqan ərintiləri (7.1 milyon dollar), toyuq əti (6.7 milyon dollar) və digər məhsullar yer alır.
Deputat vurğulayıb ki, idxalın strukturuna baxdıqda qida və içki məhsullarının üstünlük təşkil etdiyi aydın görünür. Onun fikrincə, bu istiqamətdə Gürcüstan ilə əməkdaşlığın genişləndirilməsi həmin məhsulların Azərbaycanda yerli istehsalının təşkilinə əlavə imkanlar yarada bilər.
Vüqar Bayramov əlavə edib ki, iqtisadi əlaqələrin dərinləşdirilməsi yalnız ticarət dövriyyəsinin artmasına deyil, həm də sənaye və kənd təsərrüfatı sahələrində birgə layihələrin reallaşdırılmasına şərait yaradır.










