media-1775742641_news_20250813121025

Son dövrlərdə Azərbaycana yüksək səviyyəli səfərlərin təşkili ölkəmizin geosiyasi və geoiqtisadi əhəmiyyətinin artdığını bir daha təsdiqləyir.

ERAmedia-nın məlumatına görə, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, bu cür intensiv diplomatik təmaslar Azərbaycanın regionda formalaşan yeni düzəndə aparıcı rol oynadığını göstərir.

Deputatın sözlərinə görə, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunması regionda yeni inkişaf mərhələsinin əsasını qoyub. Bu reallıq fonunda ölkəmiz beynəlxalq tərəfdaşlar üçün daha cəlbedici və etibarlı əməkdaşlıq platformasına çevrilib.

Vüqar Bayramov qeyd edib ki, Latviya və Ukrayna prezidentlərinin Azərbaycana səfərlərindən sonra Çexiya baş nazirinin Bakıya gəlməsi ölkəmizin artan beynəlxalq nüfuzunun göstəricisidir. Onun fikrincə, bu səfərlər region dövlətlərinin Azərbaycanla əməkdaşlığı daha da gücləndirmək niyyətindən xəbər verir.

Deputat vurğulayıb ki, Azərbaycan ilə Çexiya arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və iqtisadi əlaqələr dinamik inkişaf edir. O bildirib ki, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 814 milyon dollar təşkil edib, bunun 745 milyon dolları Azərbaycanın ixracının payına düşür. Bu isə Azərbaycanın 675 milyon dollarlıq müsbət ticarət saldosuna malik olduğunu göstərir.

Vüqar Bayramov əlavə edib ki, hazırda Çexiya Azərbaycanın 6-cı, Avropa İttifaqı daxilində isə 4-cü ən böyük ixrac tərəfdaşlarından biridir. Enerji sahəsində əməkdaşlıq əsas istiqamətlərdən biri olaraq qalır və tərəflər bərpa olunan enerji, enerji səmərəliliyi və hidrogen sahələrində də əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
Deputatın sözlərinə görə, Çexiya baş nazirinin səfəri çərçivəsində keçiriləcək biznes forum ikitərəfli iqtisadi əlaqələrin inkişafına əlavə təkan verəcək. Bu platforma yeni investisiya imkanlarının yaradılmasına və ticarət dövriyyəsinin növbəti illərdə daha da artırılmasına şərait yaradacaq.

Sonda deputat qeyd edib ki, qeyri-neft-qaz sektorunda əməkdaşlığın genişləndirilməsi Azərbaycan üçün prioritet istiqamətlərdən biridir və bu sahədə atılan addımlar ölkə iqtisadiyyatının şaxələndirilməsinə mühüm töhfə verəcək.

Vural


media-adspc

Bənzər xəbərlər