media-d3c7d165162882886092168915510989178

İran və regionda davam edən müharibə qlobal enerji bazarına ciddi təsir göstərməkdədir və xüsusilə neft qiymətlərində artım müşahidə olunur.

ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Tahir Mirkişilinin sözlərinə görə, regionda gərginliyin uzanması dünya enerji bazarında qiymətlərin yüksəlməsinə və bunun Azərbaycan üçün müəyyən iqtisadi imkanlar yaratmasına səbəb ola bilər.

Deputat bildirib ki, xüsusilə Hörmüz boğazında yaranan təhlükə qlobal enerji bazarı üçün ciddi risk hesab olunur. O qeyd edib ki, dünyada gündəlik ixrac olunan neftin təxminən 20 faizi – yəni 20–21 milyon bareli məhz bu boğazdan keçir. Buna görə də regionda baş verən hərbi-siyasi gərginlik və ya bu marşrutun bağlanması neft bazarında dərhal qiymət artımına səbəb olur. Artıq neftin bir barelinin bazar qiymətinin 89 dolları keçməsi, may ayı üçün fyuçers qiymətlərinin isə 116 dolları ötməsi bu tendensiyanı göstərir. Eyni zamanda, təbii qaz bazarında da qiymət artımı müşahidə olunur.

Tahir Mirkişili vurğulayıb ki, dünya bazarına neft ixrac edən ölkə kimi Azərbaycan üçün bu proses xüsusi maraq doğurur. Onun sözlərinə görə, Azərbaycan neftini Bakı–Tbilisi–Ceyhan və digər marşrutlarla ixrac edir və bu ixrac Hörmüz boğazından asılı deyil. Bu isə o deməkdir ki, qlobal bazarda qiymətlər yüksələndə Azərbaycan fiziki ixrac marşrutlarında problem yaşamadan daha yüksək qiymətlə satış imkanı əldə edir.

Deputat qeyd edib ki, 2025-ci ildə Azərbaycan təxminən 23 milyon ton, yəni təqribən 169 milyon barel neft və kondensat ixrac edib. Dövlət büdcəsində isə neftin baza qiyməti bir barel üçün 65 dollar səviyyəsində götürülüb. Onun sözlərinə görə, qlobal bazarda qiymətin bu səviyyədən xeyli yüksək olması ixrac gəlirlərinin və büdcə imkanlarının artmasına səbəb ola bilər.

Mirkişilinin hesablamalarına görə, əgər neftin orta qiyməti 100 dollar səviyyəsində formalaşarsa, Azərbaycanın ixrac gəlirləri təxminən 5–6 milyard dollar arta bilər. Qiymət 120 dollar olarsa, bu artım 8–9 milyard dollar, 150 dollara çatarsa isə təxminən 12–14 milyard dollar əlavə gəlir yarada bilər. Deputat bildirib ki, bu hesablamalar qiymətlərin qısa müddətli sıçrayışı deyil, daha uzunmüddətli dövrdə həmin səviyyədə qalması ssenarisi üçün nəzərdə tutulub.

Onun sözlərinə görə, Maliyyə Nazirliyinin hesablamalarına əsasən neftin bir barelinin qiymətinin hər 10 dollar artması dövlət büdcəsi gəlirlərini təxminən 400 milyon manat artırır. Bu baxımdan qiymətin 100 və 120 dollar səviyyəsində olması büdcə gəlirlərini müvafiq olaraq təxminən 1,4 milyard və 2,2 milyard manat artırmaq potensialına malikdir.

Bununla yanaşı, deputat bildirib ki, belə qiymət artımı adətən regional və ya qlobal gərginlik fonunda baş verir və bu da dünya iqtisadiyyatında inflyasiya, tələbin azalması və iqtisadi qeyri-müəyyənlik kimi riskləri artırır. O qeyd edib ki, Azərbaycanın idxalının təxminən yarısı regional müharibənin təsir etdiyi ölkələrdən gəlir və bu vəziyyət idxal qiymətlərinin artmasına, eləcə də inflyasiya təzyiqlərinin güclənməsinə səbəb ola bilər.

Tahir Mirkişilinin fikrincə, İran ətrafında baş verən müharibə qısa və orta müddətdə Azərbaycan üçün neft gəlirləri baxımından müəyyən imkanlar yaratsa da, bu təbii iqtisadi üstünlük deyil, daha çox regional risklərin yaratdığı müvəqqəti gəlirdir. Deputat əlavə edib ki, belə hallarda ən rasional yanaşma əlavə gəlirlərin strateji ehtiyatların artırılmasına, iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorunun inkişafına yönəldilməsidir.

Onun sözlərinə görə, bu yanaşma gələcəkdə neft qiymətlərinin dəyişkənliyindən asılılığın azalmasına və ölkə iqtisadiyyatının uzunmüddətli sabitliyinin təmin olunmasına xidmət edə bilər.

Vural


media-adspc

Bənzər xəbərlər