Azərbaycan və Çexiya arasında iqtisadi əlaqələr genişlənir
Qəbələdə keçirilən Azərbaycan–Çexiya biznes-forumunda iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və xüsusilə qeyri-neft sektorunda əlaqələrin dərinləşdirilməsi məsələləri müzakirə olunub.
ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycan və Çexiya arasında ticarət əlaqələrinin dinamik inkişaf etdiyini bildirib.
Onun sözlərinə görə, 2025-ci ildə iki ölkə arasında 841 məhsul kodu üzrə idxal-ixrac əməliyyatları həyata keçirilib, ümumi ticarət dövriyyəsi isə 814 milyon dollar təşkil edib. Bunun 745 milyon dolları ixracın, 69 milyon dolları isə idxalın payına düşüb.
Deputat qeyd edib ki, Çexiyadan Azərbaycana əsasən dərman vasitələri, qənnadı məmulatları, natrium sianidlər, avtomobil şinləri, plastik borular və şlanqlar, metal konstruksiyalar, immunoloji məhsullar və digər sənaye təyinatlı məhsullar idxal olunur. İdxal olunan məhsullar arasında həmçinin santexnika təyinatlı plastik məmulatlar və maqnezium sulfat da yer alır.
Vüqar Bayramov vurğulayıb ki, Azərbaycan ixracının böyük hissəsini xam neft və neft məhsulları təşkil edir. Ötən il Çexiyaya 742,2 milyon dollarlıq xam neft və neft məhsulları ixrac edilib. Onun fikrincə, Çexiya Baş nazirinin Azərbaycana səfəri iki ölkə arasında qeyri-neft sektorunda əməkdaşlığın daha da gücləndirilməsi üçün yeni imkanlar aça bilər.
Vural










