media-17775493342706054763_1200x630

Son statistik məlumatlara əsasən, Azərbaycanda məşğul əhalinin 48, muzdla işləyənlərin isə 41 faizini qadınlar təşkil edir. Qadınların yüksəkgəlirli məşğulluq imkanlarının artırılması istiqamətində də ölkədə beynəlxalq əmək standartlarına uyğun bir sıra mühüm qanunvericilik islahatları həyata keçirilib.

ERAmedia xəbər verir ki, bu sözləri “Dayanıqlı inkişaf: Ailə, qadın və uşaq siyasəti” mövzusunda keçirilən konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.

O qeyd edib ki, qadınların əmək bazarına inteqrasiyasının gücləndirilməsi məqsədilə onların aktiv məşğulluq tədbirlərində iştirak payı illər üzrə artır.

“Nazirlik tərəfindən 2016-cı ildən icra edilən “Özünüməşğulluq proqramı” dayanıqlı məşğulluğun təmin olunması, ailə gəlirlərinin artması və ümumilikdə sosial-iqtisadi inkişafın gücləndirilməsi baxımından mühüm rol oynayan təsirli vasitələrdən biridir.

Ümumilikdə proqrama cəlb olunmuş 113 min nəfərdən 31 faizini qadınlar təşkil edir və son illərdə özünüməşğulluq proqramına cəlb olunanların tərkibində qadınların payı daha da artır. Təkcə 2026-cı ilin 3 ayı ərzində proqrama cəlb olunan 228 nəfərdən 115-i qadınlardır.

“İnsan kapitalının inkişafına, rəqabətqabiliyyətli işçi qüvvəsinin formalaşdırılmasına və dayanıqlı məşğulluğun təmin olunmasına xidmət edən əsas istiqamətlərdən biri də peşə hazırlığı proqramıdır. 2018-ci ildən etibarən peşə hazırlığına cəlb edilən 59 mindən çox şəxsin 61 faizini qadınlar təşkil edir”, – deyə nazir bildirib.


media-adspc

Bənzər xəbərlər