media-yasil-enerji

2026-cı ilin birinci rübündə Azərbaycanda külək enerjisi istehsalında rekord artım qeydə alınıb.

ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, hesabat dövründə külək enerjisi istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 26 dəfə artaraq 247,7 milyon kVt·st təşkil edib. Ötən ilin ilk üç ayında bu göstərici 9,5 milyon kVt·st olmuşdu.

Deputat qeyd edib ki, ümumilikdə bu ilin birinci rübündə Azərbaycanda “yaşıl enerji” istehsalı 8 faiz artaraq 925 milyon kVt·st-ə çatıb. Onun sözlərinə görə, həmin dövrdə İES-lərdə 6 milyard 66 milyon kVt·st, SES-lərdə 510,5 milyon kVt·st, digər mənbələr üzrə isə 414,5 milyon kVt·st elektrik enerjisi istehsal olunub.

Vüqar Bayramov vurğulayıb ki, inkişaf etmiş ölkələrdə icmalar və ailələr bərpa olunan enerji mənbələrindən, o cümlədən külək və günəş enerjisindən istifadə etməklə həm öz tələbatlarını ödəyir, həm də artıq istehsal etdikləri enerjini dövlətə sata bilirlər.

Deputatın fikrincə, oxşar praktikanın Azərbaycanda tətbiqi elektrik enerjisi istehsalını artırmaqla yanaşı, vətəndaşların daha ucuz enerji əldə etməsinə də şərait yarada bilər. O bildirib ki, bu yanaşma enerji istehsalı və satışında yeni modelin formalaşmasına imkan verəcək, eyni zamanda enerji xərclərinin azalmasına səbəb olacaq.

Millət vəkili əlavə edib ki, bunun üçün icma əsaslı inteqrasiya olunmuş infrastrukturun formalaşdırılması vacibdir. Onun sözlərinə görə, yeni “yaşıl çağırışlar” enerji sektorunda yeni yanaşmaları aktuallaşdırır.

Vural


media-adspc

Bənzər xəbərlər