media-1772522352606159185_1200x630

Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycanın qaz hasilatı və ixrac perspektivləri ilə bağlı danışıb.

ERAmedia-nın məlumatına görə, deputat bildirib ki, Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında səsləndirdiyi fikirlər ölkənin enerji sektorunda yeni mərhələnin başlandığını göstərir.

Onun sözlərinə görə, yaxın illərdə Azərbaycanın qaz hasilatı əhəmiyyətli dərəcədə artacaq:

“Prezidentin də qeyd etdiyi kimi, “Abşeron”, “Ümid” və “Şahdəniz” yataqları üzrə planlaşdırılan mərhələlər əlavə istehsal imkanları yaradacaq. Xüsusilə “Abşeron”da tammiqyaslı işlənmə mərhələsinə başlanılması hasilatın təxminən 3 dəfə artmasına səbəb olacaq. ‘Ümid’ yatağının ikinci mərhələsi üzrə qaz hasilatına start verilməsi gözlənilir. Eyni zamanda, 2028-ci ildə ‘Şahdəniz’in yeni mərhələsi üzrə hasilata başlanılması planlaşdırılır”.

Deputat vurğulayıb ki, artım artıq statistik göstəricilərdə də əksini tapır. Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycanda 51,5 milyard kubmetr təbii qaz hasil edilib. Bu göstərici 2024-cü ildə 50,3 milyard kubmetr olub. 2025-ci il üzrə hasilatın 27,9 milyard kubmetri “Şahdəniz”in, 14,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 1,6 milyard kubmetri “Abşeron”un, 7,9 milyard kubmetri isə SOCAR-ın payına düşüb.

Vüqar Bayramov qeyd edib ki, qaz ixracında da artım müşahidə olunur:

“Ümumi ixrac 25,2 milyard kubmetr təşkil edib. Bunun 12,8 milyard kubmetri Avropaya, 9,6 milyard kubmetri Türkiyəyə, 2,3 milyard kubmetri Gürcüstana, 0,5 milyard kubmetri isə Suriyaya ixrac olunub. Hasilatın artması ixrac coğrafiyasının və həcminin genişlənməsinə birbaşa təsir göstərir”.

Deputatın sözlərinə görə, yaşıl enerji layihələrinin genişləndirilməsi də strateji əhəmiyyət daşıyır:

“Bərpa olunan enerji istehsalının artması daxili bazarda təbii qaza qənaət etməyə imkan verəcək. Bu isə daha çox qazın ixracına və dövlət gəlirlərinin artmasına şərait yaradacaq. Enerji ixracı ölkəyə daxil olan valyuta axınının artırılması baxımından mühüm faktordur”.

Vüqar Bayramov hesab edir ki, qarşıdakı illərdə qaz hasilatı və ixracın artımı Cənub Qaz Dəhlizinin ötürmə imkanlarının genişləndirilməsini daha da aktuallaşdıracaq.

“Azərbaycan yeni enerji mərhələsinə qədəm qoyur. Hasilat və ixrac potensialının artması ölkəmizin həm regional, həm də qlobal enerji təhlükəsizliyində rolunu daha da gücləndirəcək”, – deyə deputat əlavə edib.


media-adspc

Bənzər xəbərlər